Bir valideynin ən böyük xoşbəxtliyi övladlarının sağlamlığıdır. Bunun üçün isə təməl sağlam qoyulmalıdır. Körpə doğulduğu gündən düzgün müayinə edilməli, lazımı tədbirlər görülməlidir. Ölkəmizdəki gənc anaların övlad dünyaya gətirdikdən sonra ilk qayğısı savadlı pediatdan tövsiyyə almaq olur.

Publika.az məşhur fransalı pediatr, bir çox ölkələrdə söylədiyi mühazirələrlə daim diqqət çəkən Alombik İvin (Alembik Yves) özəl müsahibəsini təqdim edir:

– Doktor, neçə ildir bu sahədəsiniz? Nə vaxtsa, peşə seçimizə görə peşman olmusunuzmu?

– 40 ilə yaxındır ki, uşaqlarla işləyirəm. Düşünürəm ki, pediatriya tibb sahəsinin mühüm qoludur. Axı, dünyaya gələn yeni nəfəs sənə əmanət olunur və sənin bir yanlış addımın o körpəyə həyati zərər vura bilər. Odur ki, bu sahə olduqca məsuliyyətlidir. Bugünədək minlərlə körpə doğulan kimi mənə etibar olunub. Onların dünyaya gəlişi, ilk məsum hıçqırıqları bir möcüzədir. Zənnimcə, xoşbəxtəm ki, mən bu möcüzənin hər gün şahidi oluram.

– Körpələrin sağlam böyüməsi üçün hansı ilkin tədbirlər görülməlidir? Azərbaycanlı analara tövsiyyələriniz varmı?

– Bilirsiniz, dünyanın hər yerində körpəyə qulluq növləri müxtəlifdir. Mən sizə Avropa, xüsusən də Fransanın pediatriya qaydaları haqda danışacam. Bizdə həkimlər yeni doğulan körpəni sərin otaqda saxlamağı tövsiyyə edirlər. Baş örtüyü, qalın adealın əleyhinəyik. Körpə ilk gündən ana südü ilə bəslənməlidir. Doğulandan bir neçə gün sonra havaya çıxarmaq lazımdır. Bu onu həm sakitləşdirir, həm də vitaminlərlə təmin edir. Yalnız ana südü ilə bəslənən körpələrə həftədə bir dəfə qəbul etmək üçün K vitamini yazırıq. Bəli, ana südü ideal qidadır, lakin onun tərkibində K vitamini yoxdur. Bundan əlavə, 17 ayınadək hər gün 4 damcı D vitamini də verilməlidir.

Mənim bir neçə azərbaycanlı pasientim olub, hələ də var. Siz çox həssas insanlarsınız. Körpənin ilkin aylarında gənc valideynlər, xüsusən də, analar soyuqqanlı olmalıdırlar. Əgər körpə ilk müayinədən uğurla keçibsə, 3-4 ayınadək 2 saat fasiləsiz ağlamağı normaldır. Onun mədə-bağırsaq sistemi formalaşanadək bu sədalar sizi müşayət edəcək. Bu zaman təşvişə düşməyin, çünki o, xüsusən də ananın həyəcanını hiss edir. Yaxşı olar ki, körpənizə hər gün razyana çayı dəmləyib, 1 neçə qaşıq içirəsiniz. Bu həzm prosesini tənzimləyir.

– Bəs, körpəyə əlavə qidalar hansı aydan etibarən verilməldir? Bəzi həkimlər deyir ki, 6 ayınadək körpənin qida rasionunu yalnız ana südü təşkil etməlidir…

– Siz mənim bu mövzuda rəyimi yaxşı bilirsiniz, bir daha ətraflı izahat verəcəm. Körpə doğulan gündən biz ona sağlamlıq kitabçası açırıq və hər ayın inkişafını, qida menyusunu orada qeyd edirik. 4 ay tamam olandan sonra körpəyə gün ərzində iki dəfə püre verilməlidir. Saat 12:00-da meyvə püresi, 16:00-da isə tərəvəz püresi vermək mütləqdir. İlk ay yalnız iki meyvə və 2 tərəvəzin qarışımı verilməlidir, növbəti aylarda isə hər ikisinin çeşidi genişləndirilməlidir. Məsələn, ilk ayda meyvə püresi alma və banan, alma və armud ola bilər. İrəliləyən aylarda isə 4 və ya 5 meyvənin qarışımından hazırlanan pürelər əlveriışlidir. Amma mütləq sitrus meyvələrdən uzaq durun.

Ən faydalı tərəvəzlər brokkoli, qabaq, balqabaq, kartof, yerkökü və s.dir. Körpənizin tərəvəz püresinə bir çay qaşığı zeytun yağı, azca soğan və ya sarımsaq da qata bilərsiniz. Axı, bu bitkilər təbii antibiotiklərdir. Bu arada, unutmadan deyim ki, pürelərə duz əlavə etməyin.

– Vaksinlər (peyvənd) haqda nə düşünürsünüz? Sizcə, uşaqlarımıza peyvənd etdirməliyikmi? Onların əks təsiri varmı?

– Bir çox ölkələrdə mühazirələrimlə çıxış edirəm, müxtəlif həkimlərlə fikir mübadiləsi aparıram. Bir daha əmin oluram ki, körpələrə vaksin vurulması mütləqdir. Mən yenə ölkəmizin qanunlarından bəhs etmək istəyirəm. Bizim qanunvericiliyə görə peyvəndləri vurulmayan uşaq bağçaya və məktəbə qəbul edilmir. Yəni təhsil müəssisəsi uşağı (xüsusən də xarici ölkə vətəndaşını) qəbul edən zaman onun sağlamlıq kitabına nəzər salır. Əgər bütün peyvəndlər qayda ilə vurulmayıbsa, onu qəbul etmək hüququ yoxdur. Vaksinin tərkibindəki infeksiyalar uşağı xəstəliklərə qarşı daha dayanıqlı edir. Uşaqlara peyvənd vurduqdan həmən sonra valideyni təlimatlandırırıq. Gün ərzində və bütün gecə boyu validen onu nəzarətdə saxlamalı və tez-tez hərarətinin qalxıb-qalxmadığını yoxlamalıdır.

– Cənab Alombik, tam obyektiv olaraq hansı ölkələrin istehsal etdiyi vaksinləri tövsiyyə edirsiniz?

– Mənim digər ölkələrin tibb sistemini gözdən salmaq niyyətim yoxdur. Buna haqqım olduğunu da düşünmürəm. Sadəcə, biz Avropa, əsasən də, Fransa istehsalı olan peyvəndlər istifadə edirik. Gənc vlideynlərə də onları tövsiyyə edirəm.

– Son illər valideynlər övladlarının gec dil açmağından şikayətlənirlər. Loqopedlərə, inkişaf mərkəzlərinə müraciət edirlər. Nə düşünürsünüz bu barədə?

– Əgər uşaq 3 yaşına çatıb, bəzi sözlər və söz birləşmələri deyirsə, qorxmayın. Loqopedlərə pul xərcləməyin. O mütləq danışacaq. Bu hal adətən xarici ölkələrdə yaşayan uşaqlarda çox baş verir. Son araşdırmalar göstərib ki, uşaq gün ərzində nə qədər çox dil eşitsə bu onun xeyirinədir. 3-4 yaşına çatanda isə o dillərin hər birində anlayıb, danışmağa səy göstərəcək. Lakin, burada valideynlərin də rolu olmalıdır. Məsələn, bir valideyn uşaqla sırf fransızca, digəri azərbaycanca danışmalıdır.

– Azərbaycanlı analara nə deyərdiniz?

– Bilirsiniz, bizim ölkədə pediatrlar həkim xalatı geyinmirlər. Biz körpələri və azyaşlı uşaqları onların yaxın bir insanı kimi qarşılayırıq. Məhz buna görə də nə valideynlər, nə də pasientlərimiz yanımıza gələndə həyəcan keçirmirlər. Odur ki, eyni rahatlıqla və yaxınlıqla Azərbaycan analarına müracət edirəm: Uşaqlarınızı mikroblardan, bakteriyalardan maksimal həddə qorumayın. Normal uşaq heç olmasa iki ayda bir dəfə müxtəlif viruslara yaxalanmalı, xəstəliklə mübarizə aparmalıdır. Yoxsa bədən immunitetsiz olacaq. Böyüdüyü zaman ən xırda xəstəlikdən ağır xətər alacaq. Uşaq orqanizmi isə böyüklərə nisbətən qat-qat dözümlüdür. Odur ki, onlara torpaqla, heyvanlarla oynamağa imkan verin. 2 yaşdan etibarən bağçaya qoyun, dərnəklərə aparın. Övladınızın cəmiyyətə alışmağını, öz ayaqları üzərində durmağını təmin edin. Qoyun, əlləri kirlənsin, üstü-başı batsın, amma uşaq olduğunu hiss etsin. Davamlı antibiotiklər, həblərlə balaca bədənlərini yükləməyin. Çalışın, şirniyyatdan uzaq olsunlar. Çay əvəzinə bol su və təmiz meyvə şirəsi içsinlər.

Baxın, fransızlar ən uzunömrlü xalqlardan biridir. Demək ki, məsləhətlərimiz sağlam qaynağa söykənir.

– Cənab Alombik, dəyərli zamanınızdan ayırıb, bizə sərf etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.

– Mən də, sizə minnətdaram! Sağlam olun!