Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun təşkilatçılığı ilə idman dırmanması üzrə yeniyetmə, gənclər və böyüklər arasında “Gömrükçü” idman klubunun açıq birinciliyi və çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “ClimBaku” Dırmanma Mərkəzində təşkil ediləcək yarışda avqustun 26-27-də yeniyetmə və gənclər, sentyabrın 9-10-da isə böyükyaşlı idmançılar mübarizə aparacaqlar.

Yeniyetmə və gənclər çətinlik, böyükyaşlı idmançılar isə boldrinq və sürət növlərində bacarıqlarını nümayiş etdirəcəklər. Yarışda “Gömrükçü” İdman Klubu ilə yanaşı “Qərb Universiteti”, “Qafqaz”, “Ekosport”, FHN, “Kyanite”, “Şəki AMA”, “Salavat” (Qusar), “Tornado”, “Gilavar” İdman Klublarından ümumilikdə 70-dək idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Gömrükçü” idman klubunu bu yarışda hər üç yaş qrupu üzrə 24 idmançı təmsil edəcək.