Liken nitidus nadir görülən dəri xəstəliyidir

Liken nitidus xroniki gedişli iynə başı böyüklüyündə olan parlaq görünüşlü, dəridən azca qabarıq, səthi düz, 1-2 mm ölçülü papulalarla xarakterik dəri xəstəliyidir.

AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının saytına istinadla xəbər verir ki, Liken nitidus nadir rast gəlinən dəri xəstəliyidir. Dəri hüceyrələrinin anormal iltihabi aktivliyindən qaynaqlanan bu iltihabın səbəbi bilinmir. Xəstəliyə hər yaş qrupunda insanlarda, xüsusilə uşaqlarda təsadüf olunur. Nadir hallarda ciddi bir narahatlığa səbəb olan xəstəlik çox vaxt müalicə olunmadan öz-özünə keçir.

Xərçəng növü olmayan bu səpkilər xərçəngin yaranmasına səbəb olmur və yoluxucu deyil. Zədələnmiş zona dəri tünd dərili insanlarda rəngindən açıq, açıq dərililərdə isə çəhrayı olur. Xəstəlik adətən sinə, qarın, qolun said nahiyəsi, biləklər, diz büküyü, genital bölgə, göbək ətrafı, nadir hallarda ovuc, daban, mukoza və dırnaq ərtafında lokalizasiya olunur. Yaranmış problemin müalicəsində kortikosteroidlər, antihistaminlər, retinoid (A vitamininin sintetik analoqu), fototerapiya tətbiq olunur. Xəstəliyin tamamilə sağalması aylar hətta illər çəkə bilir.