“Qarabağ”ın meneceri: “Digər komandalar üçün asan rəqibik”

“Qarabağ”ın meneceri Asif Əsgərov Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimindən sonra fikirlərini  Türkiyə mətbuatı ilə bölüşüb.

“Çempionlar Liqasının qrup mərhələsində  Atletico”, “Chelsea” və “Roma” ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. İlk dəfə qrup mərhələsində oynayacağımıza görə digər komandalar üçün asan rəqibik. Azərbaycan tarixinə keçdiyimiz üçün xoşbəxtik. Bacardığımız qədər ölkəmizi, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”.

Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avropadakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. “Kopenhagen”lə səfər matçına da türkiyəli qardaşlarımız gəlmişdi. “İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik. Hər matçımızda türk və azərbaycanlıların qardaş olduqlarını görürük. Bu böyük oyunlarda onlardan hər zaman dəstək gözləyirik. Sağ olsunlar, indiyə kimi bizi dəstəkləyiblər. Üç səfər görüşümüzdə də belə davam edəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq”.

Əsgərov Türkiyəni ÇL-də təmsil edən “Beşiktaş”a da uğurlar arzu edib: “Türkiyə təmsilçisi “Beşiktaş”a da uğurlar arzulayıram. Bizim hədəfimiz Çempionlar Liqasının qrupuna qalmaq idi. Bunun sevincini yaşayırıq. “Beşiktaş”ın daha da irəli getməsini arzulayırıq”.