“Səlam Əleykum” nə deməkdir ?

“Səlamun əleykum” – bu ənənəvi müsəlman salamlaşmasıdır.

Bu kəlmədən islam dininə iman gətirən bütün xalqlar istifadə edir. Bir çox dillərin fonetik xüsusiyyətinə görə, kəlmə müxtəlif cür səslənir. Bir dildə “salam” kimi, digər bir dildə isə “səlyam” kimi səslənə bilər. Əslində isə bu kəlmə “əs-səlamü-əleykum”dur. Müqəddəs Quranda ərəb dilində salamlaşma məhz belə səslənir – “əs-səlamü-əleykum”. Ərəbcədən bu kəlmə “sülh içində olasınız” və ya “sizə sülh və əmin-amanlıq arzulayıram” mənasını ifadə edir.

“Əs-Səlamu əleykum” kəlməsinə, “ya-əleykümü əs-səlam” deyə cavab verilir və tərcüməsi – “Siz də sülh və əmin-amanlıq içində olasınız” deməkdir.

İslam dininə görə, Allah cənnətdə Adəmə müraciət edərək deyir ki,-“ get, mələklərlə salamlaş, onlar səninlə necə salamlaşsalar sənin nəslindən olanlar da bu cür salamlaşacaqlar. Adəm də mələklərə deyir:-“Əs-Səlamü əleykum”, mələklər də ona belə cavab verirlər:-“ Ya-əleykümü əs-səlam yarəhmətullahi ya-bərəkətuh” (ərəbcədən tərcümədə “sülh, əmin-amanlıq içində olasınız, Allahın rəhmi və mərhəməti üstünüzdən əskik olmasın” mənasını verir) .

Müsəlmanlar namaz qılanı,yemək yeyəni və ya hər hansı bir qüsurlu iş görəni “əs-səlamü əleyküm” deyərək, salamlamırlar. Bundan başqa müsəlmanlarda kişilər tanımadığı qadınlara salam verməməlidir. Salam termini ərəb sözü olan “səlimə” sözündən götürülmüş, lüğətdə maddi və mənəvi çətinliklərdən xilas olmaq, sülh və sağlamlığa qovuşmaq deməkdir.

(azens.az)