Ümumdünya Su Həftəsi hər il avqustda və ya sentyabrda İsveçin paytaxtı Stokholmda bir həftə davam edən qlobal su konfransıdır. Stokholm Beynəlxalq Su İnstitutu (SIWI) tərəfindən təşkil edilən Ümumdünya Su Həftəsi planetin su, inkişaf və davamlılıq problemlərinə həsr olunur.

AZƏRTAC xəbər verir ki, beynəlxalq əhəmiyyətli konfrans 1991-ci ildən etibarən keçirilir. Hər il müxtəlif ölkələrdən mütəxəssislər, praktikantlar, iş adamları su ilə əlaqədar ən aktual problemlərin həllinin müzakirəsi üçün Stokholmda bir araya gəlirlər. Təkcə ötən il bu mötəbər tədbirdə 130 ölkədən 330-dan çox təşkilat təmsil olunub, 3200-dən çox nümayəndə iştirak edib.

Hər il müxtəlif deviz altında müzakirələrin təşkil edildiyi konfransın builki mövzusu “Su və tullantılar: azaltmaq və yenidən istifadə etmək”dir.

Cari ildə Ümumdünya Su Həftəsi 27 avqust-1 sentyabr tarixlərində təşkil olunacaq.