Avqustun 28-də Beynəlxalq Mətbuat Mərkəzində tarixçi-publisist Təranə Cəbiyevanın aprel şəhidi Rəşad Niftalılıya həsr olunan “Seysulanda döyüş” kitabının təqdimatı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə yazıçı-publisist Təranə Cəbiyeva Rəşad Niftalılının döyüş yolundan söz açıb. Vurğulayıb ki, Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların hər biri qəhrəmanlıq məktəbidir. Onların xatirəsini əbədiləşdirmək, ailələrinə arxa olmaq hamının vətəndaşlıq borcudur: “Aprel döyüşlərində tarixi canıyla, qanıyla qazanan Milli Ordumuz, onun qəhrəman zabitləri və əsgərləri oldu. Biz onlarla qürur duyuruq. Aprel döyüşlərində Qarabağın bir parçası olan Seysulanın azad edilməsində Rəşadın misilsiz xidməti təkcə ailəsi üçün deyil, xalqımız üçün böyük qələbədir. Bu döyüşlərdə Rəşad kimi oğullar düşməni məhv edərək, öz qanları bahasına tarixi ərazilərimizə sahib çıxdılar. Belə qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Şəhidlərin xatirəsinə həsr olunan belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edən Milli Məclisin deputatı Fuad Muradov aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb: “Ermənilərin on illər ərzində xalqımıza qarşı amansızlığının, siyasi-etnik təcavüzünün şahidi olmuşuq. Bizim igid oğul və qızlarımız Vətənimizin ərazi bütövlüyü uğrunda, vətəndaşlarımızın firavan yaşaması naminə şəhid olublar. Bunu yaddaşlara həkk etməliyik ki, bizim gələcək nəsillər Rəşad kimi böyüsün, Vətənini sevsin”.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək yeni nəşrin tərbiyəvi-psixoloji əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti və bütün soydaşlarımızın həmrəyliyi düşmənə layiqli cavab oldu.
Oğlu ilə qürur duyduğunu deyən Şakir Niftalıyev övladının vətənpərvərliyindən, mərdliyindən danışıb və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.