Gəncədə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park kompleksin amfiteatrında şəhər ictimaiyyətinin nümayəndələri, bölgədəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və şəhər əhalisinin iştirakı ilə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏ
RTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilib.
Tədbir iştirakçılarına Zabitlər Evinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Zabitlər Evinin kollektivi təbliğat, təşviqat vasitələrinin hazırlanmasında, ideoloji mərkəz və guşələrin yaradılmasında, hərbi qulluqçuların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkilində də fəal iştirak edir.
Yaradıcı kollektivin üzvləri Beyləqan, Füzuli, Xocavənd, Tərtər, Bərdə, Şəmkir, Gədəbəy, Göygöl və başqa bölgələrdə də mədəni-kütləvi tədbirlərin, yaradıcılıq müsabiqələrinin keçirilməsində fəallıq göstərirlər. Onların təşəbbüsü ilə tarixi günlər və milli bayramlar kütləvi şəkildə qeyd edilir. “Vətən Uğrunda” səyyar təbliğat dəstəsinin fəaliyyəti də həmişə yüksək qiymətləndirilir.
Cəbhə bölgələrinə səfərlər edən səyyar təbliğat dəstəsinin üzvləri ön xətdə Vətən keşiyində dayanan hərbi qulluqçuların vətənpərvərlik hissinin daha da artırılmasına xidmət edən yadda qalan görüşlər təşkil edirlər. Gəncə Qarnizonu Zabitlər Evinin təşəbbüsü və təşkilatçılığı ilə döyüş mövqelərində xidmət edən nümunəvi hərbi qulluqçuların respublikamızın görməli yerlərinə, tarixi memarlıq abidələrinə ekskursiyaları da təşkil olunur.
Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Etibar Əliyev Zabitlər Evinin kollektivinə nazirliyin adından fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin birləşmiş həmkarlar təşkilatının sədri Abiyət Ağadadaşova xoş arzu və istəklərini bildirərək Zabitlər Evinin kollektivinə uğurlar arzulayıb.
Prezidentin fərdi təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək, ordumuzun yenilməzliyini, hərbi qulluqçuların yüksək vətənpərvərlik hisslərinə malik olmalarını, Vətən torpaqlarının azadlığı uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadir olduqlarını bildiriblər.
Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram və Xalq Artisti Azərinin səsləndirdiyi vətənpərvərlik ruhunda mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.