“Milat” qəzetində Ermənistan hərbçilərinin dinc azərbaycanlıları qətlə yetirməsini pisləyən məqalə dərc edilib

Türkiyədə nəşr olunan “Milat” qəzeti təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təqdim olunan materiallar əsasında yazılıb.

“Azərbaycanın sülh elçiləri” sərlövhəli məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Ermənistan hərbçilərinin dinc azərbaycanlıları hədəfə alması barədə müfəssəl məlumat verilib. Yazıda vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın və onun nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir.

Məqalədə, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən hər gün atəşkəsin pozulmasına baxmayaraq məktəbə getməyə məcbur olan azərbaycanlı uşaqların məktublarında parçalar yerləşdirilib. Dinc insanların, eləcə də həmyaşıdlarının qətlə yetirilməsini istəməyən həmin məktub müəlliflərinin sülh arzularını təqdim edən “Milat” qəzeti onları “Azərbaycanın sülh elçiləri” kimi təqdim edib.