Muxtar respublikada 56-60 yaşlı əhalinin kütləvi dispanserizasiyası davam etdirilir.

AZƏRTAC xəbər verir ki, cari ilin may ayından etibarən Naxçıvan şəhərində və rayonlarda bu yaşda olan əhalinin kütləvi profilaktik tibbi müayinələrinə başlanılıb. Naxçıvan şəhər poliklinikasında və rayon mərkəzi xəstəxanalarında terapevt, cərrah, stomatoloq, nevropatoloq, oftalmoloqlardan ibarət həkim briqadaları yaradılıb.

Həkim terapevt Şəfəq Tarverdiyeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin muxtar respublikada 56-60 yaşlı əhalinin kütləvi dispanserizasiyasının aparılması haqqında əmrinə əsasən bununla bağlı tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində xəstəliklər vaxtında aşkara çıxarılır.

Qeyd edək ki, 56-60 yaşlı əhalinin xəstəliklərə tutulmasında risk faktoru güclü olduğundan onlar arasında kütləvi dispanserizasiyasının aparılması olduqca vacibdir. Ehtiyac olan hallarda xəstələr konsultasiya məqsədilə dispanserlərə və yüksək ixtisaslı tibb müəssisələrinə göndərilir. Muxtar respublikada 56-60 yaşlı əhalinin dispanserizasiya tədbirləri bu ilin noyabrına kimi davam edəcək.