Ali məktəblər yeni dərs ilinə tam hazırdır

Məlum olduğu kimi, yeni dərs ilinin başlamasına təxminən yarım ay vaxt qalıb. Ölkənin bütün ali və orta ümumtəhsil məktəbləri yeni tədris ilini qarşılamaq üçün müəyyən hazırlıqlar görürlər. Birinci sinifə daxil olanlar, bu il ali məktəblərin birinci kursuna daxil olanlar üçün də həyəcanlı vaxtlardır. Artıq ali və orta məktəblər də yenidən şagird və tələbələrinə qucaq açmağa hazırlaşırlar. Ali təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı ilə maraqlanarkən bunun bir daha şahidi olduq.

Bakı Slavyan Universitetindən bildirdilər ki, universitet yeni tədris ilinə tam hazırdır. Heç bir əsaslı təmir işinə ehtiyac yoxdur, çünki universitetdə əsaslı təmir işi aparılıb: “Auditoriyalarımız demək olar ki, yeni tədris ilinə tam hazır vəziyyətdədir. Yeni müasir texniki vasitələr mütəmadi olaraq alınır və yenilənir”.

“Hər bir təhsil müəssisəsində olduğu kimi, Bakı Dövlət Universiteti də yeni tədris ilinə hazırlaşır. Bizim hər il, o cümlədən də bu yay 4 korpusumuzun  hamısında fakültələr üzrə təmirə ehtiyacı olan otaqlarda təmir-bərpa işləri aparılır”. Bu fikirləri isə Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirdilər. Qeyd olundu ki, eyni zamanda labaratoriyalar üçün çatışmayan avadanlıqların alınması və yenilənməsi planlaşdırılır: “Humanitar fakültələr də auditoriyanın tələb etdiyi avadanlıqlarla (lövhələr, proyektorlar) təmin ediləcək. Universitet yeni tədris ili başlayana qədər təmir-bərpa işlərini bitirməyi planlaşdırır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya -Kommunikasiya Texnologiyaları Mərkəzinin rəisi Osman Mirzəyev: “Yeni texnologiyaların alınması bizdə təkcə yeni tədris ili ilə əlaqəli deyil. Universitetimizdə həmişə yeni texnologiyalar alınır. Bütün kafedralarımız kompüterlərlə təmin olunub. Dərslər elektron formada, proyektorlar vasitəsi ilə keçirilir. Təmir işləri də hər il aparılır. Tədris ili bitdikdən sonra tətil müddətində təmir-bərpa işləri aparılır. Hər üç tədris korpusumuzda təmir aparılır və yeni tədris ili başlayana qədər bitirməyi planlaşdırırıq”.

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “Biz demək olar ki, yeni tədris ilinə hazırıq. Bütün binalarımızda elektrik işlərində, yeməkxanalarımızda ərzaqların alınmasında kimi kiçik dəyişikliklər olunub. Böyük təmir olmayıb. Bir yataqxanamız, ankoloji klinikamız təmirə bağlanıb. Qalan klinikalar, tədris binaları yeni tədris ilinə hazırdırlar. Hələ ki heç bir problemimiz yoxdur. Hər şey öz axarında gedir. Tələbələrin qeydiyyat prosesi də demək olar ki, bitib. Hər fakültədən 2-3 nəfər qalıb. 2 nəfər 700 bal toplamış tələbəmiz var. Boş yerimiz qalmayıb”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) mətbuat xidməti: “ Universitetdə yeni dərs ili üçün smart lövhələr quraşdırılır. Bütün auditoriyalar multimedia avadanlıqları ilə təchiz olunub və zəruri təlim infrastrukturu yaradılıb. Universitetin tədris binaları yüksək sürətli internet şəbəkəsi ilə təmin edilib. Elektron kitabxanada yenidənqurma işləri yekunlaşmaq üzrədir. ADİU-da quraşdırılan webinar auditoriyalarda xarici mütəxəssislərin onlayn rejimdə mühazirələri, dərsləri təşkil olunacaq. Tələbələr bu auditoriyalarda müxtəlif videokonfrans və forumlarda iştirak edə biləcəklər. Eləcə də auditoriya fondunun daha optimal istifadəsi üçün dərs cədvəllərinin mərkəzləşdirilmiş qaydada tərtibatı nəzərdə tutulub. Bundan başqa, ADİU-nun aseu.az saytının yenilənməsi, informasiya portalı formatında fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir”.