Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən oxunması zərur olan kitablar haqqında Sərəncamın verilməsi cəmiyyətdə ciddi əks-səda doğurdu. Müşahidələrim onu deməyə imkan verir ki, birmənalı şəkildə ciddi kitab mütaliəçisi kimi tanıdığım insanları əksəriyyəti belə bir sənədin ortaya çıxmasını kitab mütaliəsinə təşviq kimi qiymətləndirdilər. Amma…
Kitab oxumayanlar və intelektual görünmək xətrinə sadəcə “kitab adı” əzbərləryən bir neçə insanlar da var idi ki, məsələyə müxtəlif formada “mız” qoymağa çalışdılar. Mənim onlara heç bir sözüm yoxdur. Çünki indiyə qədər Naxçıvandan başlanan və cəmiyyətin sağlamlaşdırılmasına xidmət etmiş bütün islahatlarda olduğu kimi, bu dəfə də karvanın səs gələn tərəfə deyil, işıq gələn tərəfə yol getdiyi şəksizdir.
Lakin mən əminəm ki, məsələnin mahiyyətini həqiqətən də aydınlaşdıra bilməyən və səmimi olaraq hansısa daxildən gələn suallarına cavab tapmaq istəyənlər də var. Bu yazının əsas hədəf kütləsi də məhz o insanlardır ki, onlar daxildən gələn sövq-təbii suallarına cavab tapmaq istəyirlər.
Təbii ki, ilk sual ondan ibarət idi ki, kitab oxumaq üçün direktivə və yaxud rəsmi sənədə nə dərəcədə ehtiyac duyulur? Ağır da olsa, etiraf etmək lazımdır ki, bu gün bizdə geniş kütlə mütaliəyə meyilli deyil. Bunun üçün bolluca bəhanələr də var: yeni texnologiya, kitaba ayrılacaq pulun olmaması, yaxşı əsərlərin yazılmaması və s. Mənə maraqlı olan cəhətlərdən biri odur ki, hər dəfə ən yeni modelli telefonları almaq üstündə yarışa girən şəxs kitaba necə vəsait çatdıra bilər, ya da heç bir əsər mütaliə etmədən yaxşı əsərin yazılıb-yazılmadığını necə qiymətləndirə bilər. Yeni texnologiyanın verdiyi imkanlardan isə heç də hamımız, xüsusən gənclər mütaliə məqsədi ilə istifadə etmirlər. Müqayisə üçün sosial şəbəkələrdə tez-tez paylaşılan və hər birimizin gülümsəyə-gülümsəyə kədərləndiyi bir şəkili xatırlatmaq istəyirəm. Şəkildə yeni texnologiyalar sahəsində lider olan Yaponiyada Tokio metrosunun sərnişinlərinin əksəriyyətinin əlində kitab, bu texnologiyaların istehsalçıdan daha çox istehlakçısı olan ölkəmizdə – Bakı metrosunun sərnişinlərinin əllərində isə mobil telefonlar var. Məlumat üçün deyək ki, Yaponiyada orta hesabla bir nəfər il ərzində 25 kitab oxuyur. Bizdə isə ədəbi, elmi çevrələr və bəzi istisna qruplardan başqa demək olar ki, əksəriyyət ən yaxşı halda kitabın vərəqlərinə günəbaxan tumunu yığmaq üçün vasitə kimi baxır.
Psixoloqların fikrincə, bir sıra digər davranışlar kimi, mütaliə də vərdişdir. Yəni işləməyən kotan paslandığı kimi, mütaliə etməyən beyin də işləkliyini itirir. Bu mənada gənclər üçün zəruri olan 30 ədəbiyyatın müəyyənləşdirilməsi fikrimizcə, mütaliə vərdişinin yaranması üçün yetərlidir.
İkinci meydana çıxan sual ondan ibarətdir ki, oxumaq istəyənlər bu kitablara nə qədər vəsait sərf etməlidirlər. Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında nəinki bütün mərkəzi və təhsil müəssisələrində olan kitabxanalar, hətta kənd kitabxanaları belə ən müsair standarlara uyğun yenidən qurulub. Sözün gerçək mənasına mütaliə etmək istəyənlər nəinki siyahıda olan 30 kitabı, siyahıda adı olmayan 3000 kitabı da bu kitabxanalardan heç bir vəsait ödəmədən əldə edib oxuya bilərlər. Təki kitabların qatı açılsın.
Növbəti məqamlardan biri isə siyahıya niyə məhz 30 ədəbiyyatın adının salınmasından ibarətdir. Diqqət yetirmək lazımdır ki, söhbət insanların bütün həyatları boyunca oxuyacaqları kitablardan deyil, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün tövsiyə olunan kitablardan gedir. Bizcə, bu, ölkənin memarı olmuş Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindəki “Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir.” – fikrini oxuyan gənc bu dünyada ən böyük sərvətimiz olan canımız Azrbaycanımızın müstəqilliyinin nə qədər qiymətli olduğunu dərk edəcək. Yoxsa siz Azərbaycanın müstəqilliyini istəmirsiniz?
Türklüyün ulu kitabı olan Dədəmiz Qorqudun kitabını oxuyan gənc Dədə Qorqud fəlsəfəsindən qidalanacaq. Nizaminin hikmət xəzinəsinə, Nəsirəddin Tusinin əxlaq xəzinəsinə baş vuracaq. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirinin ahəngində Vətən sərhədlərinin böyüklüyünün, başqa sözlə desək, bir millət olaraq böyüklüyümüzün fərqinə varacaq. Teodor Drayzerin, Cek Londonun, Ernest Heminqueyin, Nikolay Ostrovski və digər dünya yazıçılarının fikirlərini müqayisə etmək imkanı qazanacaq, “Mister Hemferin xatirələri”ni mütaliə etdikcə isə həqiqətlə bizə həqiqət kimi təqdim edilənlərin fərqini anlayacaq. Yoxsa, biz bir zamanlar həqiqəti yazdığı, qorodovoyları, qurbanəli bəyləri, şeyx nəsrullahları ifşa etdiyi üçün sonradan əsərlərini ocaqda yandırmağa məcbur edilən Mirzə Cəlilin əsərlərindən yenə də ocaq qalamaq üçün istifadə etmək istəyirik? Yoxsa biz yenə də sırf istedadından və Vətənini təmiz qəlblə sevdiyinə görə sürgünlərdə məhv edilən Hüseyn Caviddən xəbərsiz qalmaq istəyirik? Əminəm ki, bunu heç birimiz istəmirik. Və mən əminəm ki, biz heç birimiz Səhl ibn sumbatların, keçəl həmzələrin, qurbanəli bəylərin, şeyx nəsrullahların nəvələri deyilik.
Əziz dostlar! Sizin təbii və məqsədli suallarınıza cavab verməyə çalışdıqdan sonra bu yazını yazdıqca beynimdə dolaşan bir sualı sizə ünvanlamaq və bu suala ən azından vicdanınızla baş-başa qalanda cavab vermənizi istəyirəm. Kitab bilik mənbəyidir. Bilgi isə işıqdır. Bilgi ilə işıqlanmış, oxuyan, mütaliə edən cəmiyyət isə həm də düşünən cəmiyyət deməkdir. Cəhalətin və qaragüruhun əlinə silah alıb yer üzündə körpələri məhv etdiyi bir zamanda kitab oxumaqla bağlı imzalanmış tarixi bir sənədə normal insan niyə “mız” qoysun ki? “Niyə “kitab oxuyun” deyirlər” – sualını niyə versin ki? Axı o qaragüruh elə Kitabdan uzaq düşdüyü, onu oxumadığı, ya da dərk etmədiyi üçün “qaragüruh”a çevrilib.
İki-Sahil
Elnur Kəlbizadə,
tarix üzrə fəlsədə doktoru