Qəbələdə 5-ci Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

Astarainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Qafqaz Karvansaray” hotelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə xarici, yerli aşpazlar, turistlər də daxil olmaqla, 5000 nəfər iştirak edib.

Festivala konkret olaraq Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin daxil olmaqla, 22 ölkədən iştirakçı qatılıb. Ölkəmizi isə bu dəfə  44 rayon və şəhərdən olan mürəbbə ustaları təmsil ediblər.

Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin üzvü Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edib.

T.Əmiraslanov qeyd edib ki, artıq 5 ildir ki, Qəbələdə mürəbbə festivalı təşkil olunur: “2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir”.

Daha sonra xüsusi komissiya yaradılıb və kulinarların  məhsullarına baxış keçirilib. Rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Ümumilikdə 1200 mürəbbənin dadına baxılıb.

Qeyd edək ki, budəfəki festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa, qeyri-adi – qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də, müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr də nümayiş olunurdu. Rusiya təmsilçilərinin sarımsaq-qarğıdalı, nanə mürəbbəsi, türkiyəli aşpazların ət mürəbbəsi, Tovuz rayonundan olan aşpazların vafli, brokolli, Gəncə şəhərindən olan aşpazların  noxud mürəbbəsi, Bakıdan olan aşpazların qarğıdalı mürəbbəsi isə xüsusilə maraqla qarşılandı.

Festivalın qalibi elə rusiyalı təmsilçilər olub. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradıldı.

Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, şirniyyatlar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil olunub.

Qəbələnin “Savalan” Üzüm Emalı və Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddəki brend məhsulları əcnəbi turistlərin böyük marağına səbəb olub.

L.Ə.

www.oxu.az