Azərbaycanda tibb işçilərinin sertifikasiya imtahanlarından keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən mütəxəssislərin təxminən 14%-ni təşkil edir.

Astarainfo.az Trend-ə istinadən  məlumatına görə, bu barədə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şöbəsinin fəaliyyətinə həsr edilmiş tədbirdə bildirilib.

Tədbirdə qeyd edilib ki, Səhiyyə Nazirliyinin Tibb Kadrlarının Vahid Registrində 42573 ali (onlardan 1668 nəfəri özəl klinikalarda çalışır), 75458 orta tibb işçisi (onlardan 1428 nəfəri özəl klinikalarda çalışır) qeydiyyatdan keçib.

1 avqust 2017-ci il tarixinə olan məlumata görə, 26339 (62%) ali, 40869 (54%) orta tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib.

Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssisələrində çalışan tibb mütəxəssisləri kimi, özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər.

“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən təhsilini təsdiq edən sənədin və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.

Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər.

Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.