Qədim Səmərqənd şəhərində “Dünya sivilizasiyası tarixində Mərkəzi Asiya Renessansı” adlı beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 28 ölkəsindən və nüfuzlu beynəlxalq təşkilatlardan 100-dən artıq nümayəndə iştirak edib.
Ölkəmizi bu konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev təmsil ediblər.
Konfransda Mərkəzi Asiya alimlərinin bəşər tarixindəki rolu vurğulanıb, dünya elminin və mədəniyyətinin inkişafındakı töhfələrdən söhbət açılıb. İştirakçılar IX-XII əsrlərdə Əmir Teymurun hökmranlıq etdiyi intibah dövründə və Teymurilərin hakimiyyəti illərində Mərkəzi Asiyada elmin və mədəniyyətin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycandan gələn alimlər də çıxış ediblər. İsa Həbibbəyli bildirib ki, Şərqi və Qərbi birləşdirən, Böyük İpək Yolu adını almış qədim Karvan yolları Yaxın Şərqdə, Qafqazda o cümlədən Azərbaycanda, Mərkəzi Asiyada, həmçinin Özbəkistanda müsəlman intibahı mədəniyyətinin yaranmasında böyük rol oynayıb. İqtisadi əlaqələrlə başlayan proseslər mədəniyyətlər arasında dialoqun inkişafına təkan verib.
İ.Həbibbəyli deyib: “Azərbaycan tacirləri Hindistana, Cənub Şərqi Asiyaya və Çinə səfərləri zamanı mütləq Mərkəzi Asiyadan keçir, Xivə, Buxara və Səmərqənd kimi iqtisadi və mədəni mərkəzlərdə dayanardılar. Mərkəzi Asiya və Özbəkistandan olan tacirlər də Qərbə, Anatoliyaya gedərkən Azərbaycanın Bakı, Gəncə, Şamaxı şəhərlərində dayanırdılar. Suraxanıdakı Atəşgah Hindistandan gələn tacirlər və zəvvarlarla digər mədəniyyət nümayəndələrinin görüş yeri olub”.
İştirakçılar qədim Səmərqənd şəhərinin tarixi abidələrinə də baxıblar.