Serbiya gömrükdə tətbiq edilən yeni texnologiyalar barədə Azərbaycanın təcrübəsindən yararlanacaq.
Bu barədə avqustun 30-da komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Serbiya Respublikası Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri xanım Gordana Vidanovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyilib. Serbiya Gömrük Xidmətinin nümayəndə heyətinə Hüquq Mühafizə bölməsi üzrə baş direktorun köməkçisi, Risk Analizləri və Risklərin İdarə olunması Departamentinin rəhbəri, həmçinin Belqrad, Subotika və Nis gömrük ofislərinin rəhbərləri daxildir.
A.Əliyev Serbiya nümayəndə heyətinin səfərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayır.
Komitə sədri vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var. Azərbaycan iqtisadiyyatının inkişafı və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Komitə sədri, eləcə də gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və gömrük sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verib.
Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.
A.Əliyev Serbiyanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayaraq bunu siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisi kimi dəyərləndirib.
Bu ilin aprelində Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında da Kosovonun ÜGT üzvlüyünə qəbul edilməsi məsələsində Azərbaycanın mövqeyinin dəyişməyəcəyi bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir.
Serbiya Respublikası Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifaqına İnteqrasiya Departamentinin rəhbəri G.Vidanovic Azərbaycana səfərindən məmnun qaldığını söyləyib, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini söyləyən nümayəndə heyətinin rəhbəri Azərbaycan Gömrük Xidmətinə ÜGT-nin qeyd edilən konfransında tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Departament rəhbəri ÜGT-nin qarşıdakı toplantısında da eyni məsələyə münasibətdə Azərbaycan tərəfinin dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb.
O, Azərbaycana səfərində məqsədin gömrük sahəsində tətbiq olunan yeni texnologiyalar barədə, xüsusən GPS izləmə sistemlərinin tətbiqində Azərbaycan Gömrük Xidmətinin təcrübəsini öyrənmək olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonra qonaqlar Dövlət Gömrük Komitəsindəki “Hədəf” mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə yaxından tanış olublar.