Azərbaycan cüdoçusu Gülsədəf Kərimova dünya çempionatında ilk görüşünü keçirib YENİLƏNİB

Yığmamızın üzvü, 2012-ci ildə Bakıda keçirilmiş beynəlxalq Qran-Pri turnirinin qalibi Gülsədəf Kərimova dünya çempionatında ilk görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 1/32 final mərhələsində venesuelalı idmançı Anrikuelis Barrios ilə üz-üzə gələn cüdoçumuz rəqibinə ipponla məğlub olub.

10:44

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının dördüncü günündə – avqustun 31-də Azərbaycanın bir cüdoçusu tatami üzərinə çıxacaq.

AZƏRTAC xəbər verir ki, mundialın dördüncü günündə kişi və qadın cüdoçular mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar.

Qadın cüdoçuların yarışında Azərbaycanı 63 kiloqram çəki dərəcəsində Gülsədəf Kərimova təmsil edəcək. Artıq cüdoçumuzun ilk rəqibi müəyyənləşib. İdmançımız Panamerika çempionatının üçüncüsü venesuelalı Anrikuelis Barrios ilə üz-üzə gələcək.

Səksən bir kiloqram çəki dərəcəsində kişi cüdoçuların yarışında isə ölkəmiz təmsil olunmayacaq.

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.

Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında üçüncü pillədədir. Millimizin heyətində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medallar qazanıblar.

Azərbaycan milli komandası bu mötəbər yarışa 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə qatılıb.