Azərbaycan idmançısı Tahir Abdullayev Podolskda qarışıq döyüş növləri (MMA) üzrə “Orion Fighter Global” beynəlxalq turnirində iştirak edəcək.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ORION FG” şirkəti Tacikistan Respublikasının müstəqilliyinin 26 illiyi münasibətilə sentyabrın 9-da Moskvada MMA üzrə “Orion Fighter Global” beynəlxalq turniri keçiriləcək. Gecənin proqramında 12 döyüş, o cümlədən çempion adı uğrunda superdöyüşlər nəzərdə tutulub. Turnirdə Azərbaycan nümayəndəsi ilə yanaşı, Tacikistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Gürcüstan və Ermənistan təmsilçiləri iştirak edəcəklər.
Təşkilatçıların sözlərinə görə, döyüşlər Rusiya MMA İttifaqının bu ölkənin İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalarına uyğun keçiriləcək. Döyüşlərdə qoruyucu ləvazimatdan – dəbilqələrdən, qasıq və baldır nahiyələri üçün qoruyucu vasitələrdən və xüsusi əlcəklərdən istifadə olunacaq.
“Orion Fighter Global” turniri “Krılya Sovetov” idman klubunda üçüncü dəfə keçiriləcək. İndiyədək basılmamış, keçirdiyi 5 döyüşdə qələbə qazanmış Tahir Abdullayevin 20 yaşı var. O, rinqdə Kirov vilayətindən 26 yaşlı Aleksey Balıberdinlə qarşılaşacaq.