Bu günlərdə muxtar respublikamızda intellektual gələcəyimizin daha mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addım atıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən alqışlarla qarşılandı. Hər kəs həmin siyahıda yer alan 30 kitabın hamısının mükəmməl seçim olduğu qənaətini bölüşdü. Çünki bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.
Kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki bu məsələ uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin və dövlətimizin gələcəyi ilə bağlıdır. Ona görə də əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi işinə əhəmiyyət verilməklə yanaşı, əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Uşaq və yeniyetmələrin mütaliə xarakteri isə hər gün dəyişir: uşaqlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yəni mütaliəyə yeni başlayan istənilən oxucu bəzən özü də nə istədiyini, nə oxuyacağını bilmir. Təbii ki, əgər söhbət məktəb tapşırığından, konkret mövzu və ya artıq formalaşmış maraqdan gedirsə problem yaranmır. Lakin sərbəst oxu zamanı kitab seçimi asan olmur və mütəxəssis köməyinə ehtiyac yaranır. Bu mənada, hər hansı bir kitabın və ya kitabların tövsiyə olunması böyük əhəmiyyət kəsb edir.
Ekspertlərin ümumi rəyi budur ki, müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Bunun üçün başlanğıcda Siyahıda qeyd olunan oxunması zəruri olan kitablara üstünlük verilməsi fərdin sonrakı seçimlərinin düzgün olmasına zəmanət verir.
Mütaliənin məqsədləri müxtəlif ola bilər. Məsələn, təhsil, funksional savadlılığın, ümumtəhsil bacarıqlarının formalaşdırılması, yeni biliklərin öyrənilməsi, idraki tələbatın ödənilməsi, yaradıcı fəallığın stimullaşdırılması, ədəbi qəhrəmanların təcrübəsinin mənimsənilməsi yolu ilə şəxsiyyətin sosial inkişafı və sair bunlardan bir neçəsidir. Yəni, unutmaq olmaz ki, mütaliə mədəniyyəti şəxsin informasiya mədəniyyətinin tərkib hissələrindən biri kimi sosial əhəmiyyətli və digər məqsədlərə nail olmaq üçün məqsədyönlü mütaliə üzrə bilik, bacarıq və vərdişlərin məcmusudur. Ona görə də mütaliəyə sövqetmə intellektual inkişafın təkanverici qüvvəsinə çevriləcək ki, bu da insanların mədəni ünsiyyətinə, gənclərin doğru peşə seçiminə, faydalı işlə məşğul olmalarına gətirib çıxaracaq. Çünki bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Kitablar insanın ruhunu təmizləyir, həyata tamam başqa gözlə baxmağa vadar edir, cahili müdrikləşdirir, nitqi məntiqlə zənginləşdirir. Onlar hər zaman yanımızdadır, ən sadiq dostlarımızdır. Hər hansı bir məlumat öyrənmək istəsək, kitablar köməyimizə çatır, bütün suallarımızı cavablandırır. “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitablar bu baxımdan da önəmlidir.
Digər tərəfdən, yaşadığımız dövrün siyasi, iqtisadi, hüquqi və ekoloji məsələləri gənc nəslin təlim-tərbiyəsində bir sıra istiqamətlərə diqqət yetirilməsini zərurətə çevirir. Buna görə də, məqsədyönlü maarifləndirmənin davam etdirilməsi, gənc nəslə zəngin milli və mənəvi dəyərlərimizin aşılanması, onların ictimai həyata adaptasiyası üçün lazımi addımların vaxtında atılması, xalqımızın adət-ənənələrini, tarixini, mədəniyyətini dolğun şəkildə əks etdirən kitabların oxunması təmin edilməli, gəncliyimizin bu gündən sağlam ruhda tərbiyə edilməsi prosesi diqqətdə saxlanılmalıdır. Bu baxımdan ziyalılarımız “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan nəşrləri bu nöqteyi-nəzərdə əsaslı mənbə hesab edirlər.
Məsələn, həmin siyahıda birinci sırada yer alan kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətidir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib. Digər tərəfdən, “Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, “Nizaminin hikmət və nəsihətləri”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Hüseyn Cavidin “Azər” poeması, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı və adını qeyd etmədiyimiz digər mühüm kitabların hər biri tərbiyəvi əhəmiyyəti ilə seçilməklə yanaşı, insanın mənəvi cəhətdən zənginləşməsinə, adət-ənənələrimizə, milli əxlaqi dəyərlərimizə sədaqətli olmasında, dünyagörüşünün formalaşmasında əsaslı rol oynayırlar. Siyahıda qeyd olunan kitabları oxuyan istənilən gənc Vətənə olan sevginin müqəddəsliyini dərindən anlayacaq, Vətən, xalqı naminə çalışacaq, cəmiyyətə yararlı bir fərd kimi ölkəmizin inkişafında iştirak edəcək, müstəqil bir dövlətdə yaşamağın əhəmiyyətini dərk edəcək, kənar təsirlərə qarşı onda milli immunitet yaranacaqdır.
Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyirdi: “Hər kim kitab oxumursa, o, düzgün fikirləşə bilməz”. Doğrudan da, ən dərin bilik, elmi dünyagörüşü, Vətən sevgisi məhz mütaliə yolu ilə yaranır. Vətəni naminə inamla çalışan, fədakarlıq göstərən böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Ulu öndərimiz Heydər Əliyevin kitaba və mütaliəyə verdiyi dəyər bu baxımdan ən gözəl nümunədir. Azərbaycan mədəniyyətinin inkişafına, milli və mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli liderimiz kitab nəşrinə, mütaliə mədəniyyətinin inkişafına həmişə böyük qayğı göstərib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi şəxsiyyət daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə dəvət edib, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini vurğulayıb.
Məlum səbəblərdən kitab çapının azaldığı illərdə – 1995-ci ildə öz şəxsi kitabxanasından 300 nüsxədən çox qiymətli kitabı Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına hədiyyə edən ulu öndərimiz həmişə gənclərə biliklərini artırmağı tövsiyə edib. Onun Milli Kitabxananın fonduna bağışladığı kitab kolleksiyasının tərkibinə nəzər salarkən oradakı çoxsahəlilik və yüksək mütaliə mədəniyyəti diqqəti cəlb edir. Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, İslam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixinə və probleminə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur.
Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq və bir sıra xarici jurnalistlərin Ona verdikləri – “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” – sualına dahi rəhbər cavab verdi ki, “Hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır”.
Məhz buna görə də aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Bütün istiqamətlərdə inkişafın ancaq elmi əsaslarla mümkün olduğu müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafı xüsusilə əhəmiyyət kəsb edir.
Bu gün dövlət tərəfindən insanların kitab oxumağı, mütaliə etməyi üçün hər cür şərait yaradılıb. Oxucunun hərtərəfli biliyə sahib olması üçün dünyanın əksər qabaqcıl elm və ədəbiyyat xadimlərinin əsərləri muxtar respublikamıza gətirilib və bu proses davam edir. Əvvəllər ölkədə, o cümlədən qədim diyarımızda Azərbaycan dilində kitab azlıq təşkil edirdisə, indi belə bir problem birmənalı şəkildə yoxdur. Muxtar respublikamızın istənilən kitabxanasında müxtəlif sahələrə aid ədəbiyyat tapmaq mümkündür. 2016-cı ilin statistik göstəricilərinə əsasən, muxtar respublikada kitabxana fondlarının sayı 2 milyon 126 min 300 nüsxə çap məhsulu təşkil edir. Bu, sovet dövründə muxtar respublikada mövcud olan kitabların sayından 100 dəfəyədək çoxdur. 2017-ci ilin yanvar ayından etibarən isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanalara 10 min 898 nüsxə çap məhsulu paylanıb. Hazırda Naxçıvan şəhərində yerləşən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının fondunda 86 min 310 xarici, 80 min 43 Azərbaycan dilində olmaqla, ümumilikdə, 166 min 353 nüsxə çap məhsulu mühafizə olunub saxlanılır. Onu da vurğulayaq ki, bu gün bəzi ölkələrdə Naxçıvan Muxtar Respublika Kitabxanasındakı kitabların sayı qədər, bəzi ölkələrin şəhərlərində isə muxtar respublikanın istənilən dağ kəndinin kitabxanasında olan kitabların sayı qədər nəşr yoxdur.
Yeri gəlmişkən, müxtəlif növ informasiya resurslarını mühafizə edib ictimai istifadəyə təqdim edən, oxuculara kitabxanalardan, kitab və digər informasiya mənbələrindən istifadə qaydalarını öyrədən kitabxanalar mütaliənin təbliği prosesində mühüm rol oynayırlar. Müasir kitabxana istifadəçilərin və bütün yerli əhalinin mütaliəyə olan tələbatını ödəyir, mütaliə və informasiya mədəniyyətini formalaşdırır. Dahi şəxsiyyətin “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir…” sözləri bu gün muxtar respublika timsalında öz təsdiqini tapıb.
Cəmiyyətin inkişafında, şəxsiyyətin formalaşmasında böyük rol oynayan vasitə kitab olduğu kimi, həmin vasitə ilə oxucu arasında körpü yaradan da məhz kitabxanalardır. Bu gün muxtar respublikamızın bütün bölgələrində mütaliə mərkəzləri sayılan belə mədəniyyət müəssisələri fəaliyyət göstərir. Hazırda doğma diyarımızda 234 kitabxana 160 mindən çox oxucusuna uğurla xidmət göstərir.
Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılıb və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında Elektron kitabxana yaradılıb.
2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilib, elektron kitabxananın təqdimatı olub, www.e-kitab.nakhchivan.az internet saytı istifadəyə verilib.
Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində növbəti addım isə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılıb. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunub, elektron kitabxana və elektron arxiv yaradılıb, internet saytı fəaliyyətə başlayıb.
2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının açılışı olub, yeni internet saytı təqdim edilib. Həmin il sentyabrın 4-də isə muxtar respublikamızda daha bir elektron kitabxananın – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanası və internet səhifəsi istifadəçilərə təqdim edilib. Göründüyü kimi, elektron kitabxananın yaradılması və inkişafı istiqamətində muxtar respublikada əhəmiyyətli işlər görülüb. Bu da lazım olan kitabların elektron resurslardan əldə edilməsinə də şərait yaradıb.
Bütün görülən bu işlər, heç şübhəsiz ki, informasiya cəmiyyətinin inkişafına, gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik insanlar kimi yetişməsinə əhəmiyyətli təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayacaqdır.