Argentinanın “Telefe”, habelə ölkənin müxtəlif əyalətlərinə məxsus “Canal 8”, “Canal 11”, “Teleocho”, “Canal 7” və Paraqvayın “Paraguay TV” telekanallarında yayımlanan, yerli tamaşaçıları müxtəlif ölkələr, onların tarixi, mədəniyyəti, mətbəxi, turizm imkanları ilə tanış edən “Səyahətlər və talelər” (“Viajes y Vidas”) verilişinin avqust ayında Azərbaycanla bağlı iki hissədən ibarət buraxılışı efirə gedib. Veriliş çəkiliş qrupunun cari il iyunun 30-dan iyulun 6-dək ölkəmizin Argentinadakı səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutmuş səfəri zamanı Bakı şəhərində və Xınalıq kəndində çəkilmiş materiallar əsasında hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla bağlı buraxılış zamanı Bakı şəhərinin qədim hissəsi, İçərişəhər, Şirvanşahlar Saray Kompleksi və Qız qalası, onların tarixi barədə ətraflı məlumat verilib. Habelə Bakının müasir dövrə aid simvolları – Heydər Əliyev Mərkəzi və Alov Qüllələrindən bəhs olunub.

Azərbaycan Xalça Muzeyindən görüntülər təqdim edilib, xalçaçılıq sənətimizin tarixi və inkişafından danışılıb, xalça toxunması texnologiyası nümayiş olunub.

Çəkiliş qrupu habelə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda və “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olub, həmin yerlərdən görüntülər fonunda ölkəmizin tarixi, xalqımızın adət-ənənələri ilə bağlı məlumat verilib.

Proqram ərzində Quba rayonunun Xınalıq kəndində çəkilmiş materiallar təqdim olunub, kəndin tarixi, əhalinin həyat tərzindən bəhs edilib.

Veriliş Azərbaycan musiqi mədəniyyətinə də xüsusi yer ayırıb. Beynəlxalq Muğam Mərkəzi, onun yaradılması və fəaliyyəti barədə danışılıb. Muğam triosunun canlı ifası təqdim olunub. Habelə Azərbaycan milli rəqs nümunələri nümayiş edilib.

Azərbaycan mətbəxinin zənginliyi və ləzizliyi xüsusi vurğulanıb. Tamaşaçılara təndirdə çörəyin hazırlanması texnologiyası göstərilib.

Veriliş zamanı çəkiliş qrupu Bakı şəhərində gördükləri ilə bağlı heyranlıqlarını dəfələrlə ifadə edib, paytaxtımızın tarixi və müasirliyi özündə birləşdirən nadir gözəlliyə malik bir şəhər olması xüsusi qeyd olunub. Xalqımızın qonaqpərvərliyi, ölkəmizdəki sabitlik və təhlükəsizlik, habelə Azərbaycanın əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri ölkələrdən biri olduğu önə çəkilib, bu xüsusda ölkəmiz mühüm turizm məkanı kimi tövsiyə olunub.

Veriliş ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

https://www.youtube.com/watch? v=BEHhaBvDESw&t=59s

https://www.youtube.com/watch? v=v9klmrNHwzE&t=1968s