Oyunun 32-ci dəqiqəsində Norveç millisi hesabı açıb. Azərbaycan millisinin qapısına təyin olunmuş penalti zərbəsini Coşua Kinq dəqiq yerinə yetirib – 1:0.

22:45

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç–Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Oslodakı “Ullevaal” stadionunda keçirilən matçı polşalı hakimlər briqadası idarə edir.

Oyunun baş hakimi Daniel Stefanskidir. Ona həmyerliləri Robert Marcin Boniek və David Golis kömək edirlər. Dördüncü hakim funksiyasını Bartosz Frankovski yerinə yetirir.

Matçın hakim-inspektoru Jones Peter (İngiltərə), komissarı isə Nicolae Cameliadır (Rumıniya).

Qeyd edək ki, millimizin yer aldığı “C” qrupunda Almaniya 18 xalla vahid liderdir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Azərbaycan yığması 7 xalla dördüncü, Norveç 4 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.