Azərbaycanlı jurnalistlər “Azərbaycan Hava Yolları” QSC tərəfindən yaradılmış “Buta Airways” aviaşirkətinin keçirdiyi promo-tur çərçivəsində yeni “Embraer 190” təyyarəsinin ilk sərnişinləri olublar

.Trend-in məlumatına görə, aviaşirkətin ilk uçuşu Heydər Əliyev Beynəlxalq Hava Limanından Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava limanına həyata keçirilib.

Mətbuat konfransı zamanı “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə qeyd edib ki, oktyabrın 29-dək, yəni qış cədvəli başlayanadək həftədə 4 uçuş keçiriləcək. Qış mövsümündə həftəlik uçuşların sayı 10-a çatdırılacaq: “Qiymətlər 29 avrodan başlayır. Artıq reyslərə olan tələbat bizi sevindirir: bu, 95-100 faizə bərabərdir. Bugünkü reys tam dolu idi”.

O da qeyd olundu ki, hazırda aviaşirkət Kazan, Mineralnıe Vodı, Moskva, eləcə də Moskva-Gəncə istiqamətlərində bilet satışını həyata keçirir. Qış mövsümündən etibarən isə Sankt-Peterburq və İstanbul (Sabiha Gökçən hava limanı) istiqamətlərində biletlər satılacaq.

C.Manizadə vurğulayıb ki, “Buta Airways” aviaşirkətinin fəaliyyəti ölkədə turizmin inkişafına böyük töhfə verəcək: “İnfrastruktur və Azərbaycanda turistlər üçün yaradılan bütün şərtlərlə yanaşı biz həmçinin ucuz aviabiletlər seqmentini əlavə etdik. Turizm potensialı ilə yanaşı, bu həm də Heydər Əliyev Beynəlxalq Hava Limanının da inkişafına töhfə verəcək”.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qeyd edib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq yüksək səviyyədədir və “Buta Airways” aviaşirkətinin fəaliyyəti turizm sahəsinin inkişafına və əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

“Buta Airways” aviaşirkəti sentyabrın 1-dən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıe Vodı, Tbilisi və Tehran şəhərlərinə, oktyabrın 29-dan isə İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar həyata keçirəcək.