Nazirlik Qəbələdəki yanğınla bağlı fövqəladə iş rejiminə keçib

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.