PSJ klubu hücumçu Kilian Mbappenin “Monako”dan keçidini rəsmən elan edib

Fransanın PSJ klubu hücumçu Kilian Mbappenin “Monako”dan keçidini rəsmən elan edib.

AZƏRTAC PSJ klubunun rəsmi saytına istinadla xəbər verir ki, Paris klubu 18 yaşlı forvardı 2018-ci il iyunun 30-dək icarəyə götürməsi ilə bağlı “Monako” ilə müqavilə imzalayıb. Bu müddət başa çatdıqdan sonra PSJ oyunçunu almaq hüququna malik olacaq. Müqavilə 2022-ci il iyunun 30-dək nəzərdə tutulub. Transferin qiyməti barədə məlumat verilməyib.

Qeyd edək ki, “Monako” ilə 60 oyunda meydana çıxan 18 yaşlı hücumçu 27 qol vurub və 16 məhsuldar ötürmə verib. Ötən il Fransa millisinin heyətində 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olub.