Mərdəkan qalası – Abşeronun ən hündür donjonu

Dördkünc Mərdəkan qalası və ya böyük Mərdəkan qəsri Abşeronun ən qədim qalalarından biri və ən hündür donjonudur (digər qalalardan fərqli olaraq, donjonlar əsas qala ilə əlaqəsi olmayan divarlarla əhatə olunur; belə demək mümkünsə, qala içində qala).

Qalanın hündürlüyü 22 metr, əhatə divarlarının hündürlüyü 7 metrdir. Qalınlığı aşağı hissədən 2,1 metr, yuxarıdan isə 1,6 metrdir. İstehkam içəridən 5 yarusa bölünür.

Tarixi arayış: Bakının Mərdəkan qəsəbəsində yerləşən bu qala XII əsrdə – 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib.

Qalanın həyətinə daxil olarkən ilk növbədə yerdəki quyular diqqəti cəlb edir. Dərinliyi təqribən 2 metr olan bu quyular əsasən düşmən hücumu zamanı qalaya sığınarkən müxtəlif növ ərzaq məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Ümumilikdə donjonun ətrafında və həyətində vaxtilə 90-dan çox quyunun (o cümlədən su quyuları) olduğu bildirilir. Bundan başqa, həyətdə qədim daş kitabələr, daşdan yonulmuş və saxsı əşyalar, qablar da var.

İstehkamın bütün mərtəbələrinə ənənəvi birtərəfli, spiralvari pillələrlə qalxmaq mümkündür – dar pəncərələrdən zəif işıq düşən, alaqaranlıq otaq-mərtəbələr. Qalanın üstündən böyük bir ərazini – bir neçə km sahil zonasını, qonşu qəsəbələri, eləcə də şəhərin bir hissəsini müşahidə etmək olar.

Bu etibarlı müdafiə tikilisinin yeraltı yolu və ya yolları da var. Qalanın içində, birinci mərtəbədə yeraltı yola aparan quyunu görmək mümkün olsa da, təəssüf ki, dərinliyə enməyə şərait yoxdur. Buna cəhd etmək üçün gərək özünlə fənər, nərdivan, ya da kəndir gətirəsən. Yeraltı yol (və ya yollardan biri) kiçik Mərdəkan qalasına aparır, lakin ömrünü-gününü qalaya nəzarət etməyə, qayğısına qalmağa həsr edən Vidadi kişi bu yolun müəyyən məsafədən sonra dağıldığını bildirir. Yəni digər qalaya yol bağlıdır. Vidadi kişi çox şey danışdı, amma nə isə…

Xatırladaq ki, donjonun yaxınlığında XV əsrə aid Tuba Şahi məscidi (1481-1482-ci illər), XIII-XIV əsrlərə aid sənduqə də var.

Ümumiyyətlə, Bakının bəzi ətraf kəndlərindəki qalalardan fərqli olaraq, böyük Mərdəkan qalasına baş çəkənlərin sayı nisbətən çoxdur. Mütəmadi olaraq əcnəbi turistlərin gəlməsi isə (bir neçə dəfə rus, türk, ingilis, alman, rumın, ukraynalı, hətta meksikalı turistlərlə qarşılaşmışam) sevindiricidir.

Mərdəkan qalası da Ramana qalası kimi əzəmətli duruşu ilə fərqlənir. Lakin təkcə görüntü ilə iş bitmir ki. Bu tarixi abidəmizin də yenidənqurma və bərpa işlərinə ehtiyacı var. Natəmizlik, divarlardakı yazılar, bəzi hissələrdə ovuntular belə möhtəşəm bir qalaya yaraşmır. Donjonun xarici ziyarətçiləri tariximizə, bizə miras qalan abidəmizə belə “hörmət” etdiyimizi görməməlidirlər.

Son illərdə Qız qalasında və Qala qəsəbəsindəki qalada aparılan əsaslı bərpa işləri onu deməyə əsas verir ki, Mərdəkan donjonuna da növbə çatacaq.

Mərdəkan və Ramana qalalarını ilk dəfə bir qədər uzaqdan görəndə arzu, bəlkə də xəyal etmişdim ki, bu istehkamlar bərpa olunsun, gecələr ətrafı işıqlandırılsın, ən yuxarı hissələrinə isə Azərbaycan bayrağı sancılsın… İnşallah!

Trend.az