İyulun 27-dən 30-dək Bakıda – Xəzərin sahilində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Lakin izləyə bilməyənlər üçün də gözəl fürsət yaranıb. Rusiya Televiziyasının Birinci kanalı festival konsertlərini yayımlamaqda davam edir.
AZƏRTAC Birinci kanalın saytına istinadla xəbər verir ki, sentyabrın 3-də Moskva vaxtı ilə saat 16.25-də “Jara-2017” festivalı çərçivəsində Sofiya Rotarunun yaradıcılıq gecəsi yayımlanacaq.
Xatırladaq ki, Bakıya ən çox sevilən mahnıları ilə gəlmiş Sofiya Rotarunun yubiley gecəsi, eləcə də onun bacısı Aureliya Rotaru ilə birlikdə oxuduğu “Melanxoliye”, EMİN ilə ifa etdiyi “Lavanda” mahnıları, habelə Qlyukoza, Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Аlekseyev, Ani Lorak, Artik & Asti, Slava, İrina Dubtsova, Jasmin, Timur Rodrigez, Svetlana Loboda, Lev Leşşenko və başqalarının Sofiya Rotarunun repertuarından səsləndirdikləri mahnılar rəğbətlə qarşılanıb.
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.