Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Sentyabrın 1-də Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bununla da məktəb növbəti birinci sinif şagirdlərini böyük ailəsinə qəbul edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini Rauf Poqosov, “Həştərxan şəhər” bələdiyyə təşkilatının rəhbərinin iqtisadiyyat məsələləri üzrə müavini Lyubov Plyuşenko, Şəhər Dumasının deputatı Vladimir Suxarev, Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynov, ictimaiyyət nümayəndələri, valideynlər, veteran pedaqoqlar və şagirdlər iştirak ediblər.

Rauf Poqosov çıxışında Heydər Əliyev adına məktəbin Həştərxan vilayəti ilə Azərbaycan arasında səmərəli işlərin nəticəsi olduğunu qeyd edib, yeni dərs ilində şagirdlərə uğurlar və yeni zirvələr fəth etməyi arzulayıb.

Ədalət Hüseynov Heydər Əliyev Fondu adından Bilik günü – dərs ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və onların valideynlərini təbrik edib, müəllimlərə uğurlar, şagirdlərə isə gələcəkdə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev kimi layiqli vətəndaş olmağı arzulayıb. O, həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırıb.

Məktəbin direktoru Tatyana Tixomirova məktəbin fasadının yenilənməsinə görə Heydər Əliyev Fonduna, bu tədris ocağının yeni dərs ilinə hazırlanmasında göstərdikləri köməyə görə isə təhsil müəssisəsinin əməkdaşlarına və valideynlərə minnətdarlığını bildirib.

Mərasimdən sonra məktəbin müəllimləri, şagirdləri və onların valideynləri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.