“Şimali İrlandiya ilə görüşün ilk 70 dəqiqəsində qol buraxmamağımız bizim üçün yaxşı göstəricidir. San Marinonun futbol baxımdan böyük perspektivi yoxdur. Əlimizdəki futbolçularla Azərbaycanla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq”.
“Report”un məlumatına görə, bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.
Qırx səkkiz yaşlı mütəxəssis sentyabrın 4-də “Bakcell Arena”da keçiriləcək matçdan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. O, bildirib ki, son dövrlərdə əldə olunan nəticələr Azərbaycanın futbol ölkəsi olmasının sübutudur:
“Azərbaycana qarşı böyük hörmətimiz var. Bilirik ki, Azərbaycan futbol ölkəsidir. Son vaxtlar əldə olunan nəticələr də bunun sübutudur. Lakin biz burdan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Sabahkı matç bir növ bizim üçün döyüş olacaq. Rəqibin heyətindəki itkilərdən xəbərdaram. Özüm də bu halla dəfələrlə üzləşmişəm. Ümid edirəm ki, Robert Prosineçki layiqli əvəzləyicilər tapacaq”.
Azərbaycan – San Marino oyunu saat 20:00-da başlayacaq.