“Cənub-Aqro” MMC: Qabaqcıl təcrübədən istifadə etmədən əkinçilikdə, o cümlədən çəltikçilikdə uğur qazanmaq mümkün deyil

Ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına son illər ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyi sayəsində diqqət daha da artırılıb. Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 3-də Lənkəranda keçirilən respublika müşavirəsində çay və sitrus meyvələri ilə yanaşı, çəltikçiliyin də inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verildi. Çəltikçiliklə məşğul olan fermer və sahibkarların qarşısında ərzaq təhlükəsizliyin təmin edilməsi, yeni iş yerlərinin yaradılması, eyni zamanda, ixracın artırılması ilə bağlı vəzifələr qoyuldu.

Ölkəmizdə çəltik əkini ilə məşğul olan şirkətlərdən biri də “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Lənkəran rayonunda fəaliyyət göstərən MMC-nin Girdəni və Şiyavar kəndlərində çəltik sahələri mövcuddur.

Cəmiyyətin aqronomu Fərman Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib ki, respublika müşavirəsində o da iştirak edib və “Cənub-Aqro” MMC Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər edəcək.

Fərman Abdullayev deyib: “Dövlətimizin aqrar sahəyə göstərdiyi xüsusi qayğıdan yararlanaraq 2016-cı ildə 20 hektar sahədə çəltik əkmişik və hər hektardan 50 sentner məhsul götürmüşük. Bu il isə əlavə 80 hektarda çəltik əkərək, əkin sahəsini 100 hektara çatdırmışıq. Gələn təsərrüfat ilində bunu daha 100 hektar genişləndirməyi nəzərdə tuturuq”.

Çəltiyin yetişdirilməsinin çox zəhmət tələb edən iş olduğunu vurğulayan MMC-nin aqranomu bildirib ki, əsas məqsəd müasir texnologiyaların köməyi ilə “Ağ ənbərbu”, “Qırmızı ənbərbu”, “Həsəni”, “Akulə”, “Çampo”, “Sədri”, “Yetimi”, “Xəzər” kimi keçmişdə geniş şöhrət qazanmış dədə-baba çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyi proqramına töhfə verməkdir. Bu düyü sortları özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. İndiki vaxtda isə istər daxili, istərsə də xarici bazarlarda bu cür ekoloji cəhətdən təmiz düyülərə böyük ehtiyac var. Elit texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmədən əkinçiliyin bütün sahələrində olduğu kimi, çəltikçilikdə də uğur qazanmaq mümkün deyil. Bu baxımdan MMC düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən istifadə etməyə çalışır.

“Biz təsərrüfatımızda bölgəmizin torpaq-iqlim şəraitinə uyğun olaraq çəltiyi ənənəvi Asiya üsulu ilə, yəni şitil yetişdirib sahələrə köçürməklə əkirik. Bu üsulun müsbət cəhətləri çoxdur. Belə ki, burada, ilk növbədə, toxuma qənaət edilir. Səpmə üsulu ilə əkin keçirildikdə hektara 150-200 kiloqram, bəzən daha çox toxum sərf edildiyi halda, şitillə əkin zamanı 3-4 dəfə az – hektara 50-60 kiloqram toxum tələb olunur. Şitillə əkin aparıldıqda sonrakı becərmə mərhələlərində lazımi aqrotexniki işlərin görülməsi asan başa gəlir. Xüsusilə belə şəraitdə alaq otları texnika vasitəsilə təmizləndiyindən zərərli pestisidlərdən istifadə etməyə ehtiyac qalmır. Bu da ekoloji cəhətdən çox əhəmiyyətlidir. Həm də bölgəmiz subtropik iqlimə malik olduğundan yaz-payız aylarında intensiv yağışlar yağır və məhsul yığımı zamanı itki çox olur. Buna görə də tətbiq etdiyimiz əkin üsulu biçin vaxtını bir ay tezləşdirir və məhsul itkisiz yığılır”, – deyə Fərman Abdullayev qeyd edib.

MMC təsərrüfat fəaliyyətini genişləndirmək məqsədilə Cənubi Koreyadan çəltik əkən iki maşın, iki kombayn, iki traktor və digər avadanlıqlar gətirib, onlardan səmərəli istifadə edir.

Aqranom, həmçinin qeyd edib ki, regionda çəltikçiliyin inkişafının sürətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, emal müəssisələrinin istehsal gücünün artırılması, eyni zamanda, çəltikçiliyin inkişaf modelinin hazırlanması üçün müasir standartlara cavab verən toxumçuluq təsərrüfatının və toxumun keyfiyyət göstəricilərini təyin etmək məqsədilə laboratoriyanın yaradılmasına ehtiyac var. Çəltikçiliyin inkişafı kənd təsərrüfatının digər sahələrinin də inkişafına müsbət təsir göstərəcək. Belə ki, biçilmiş çəltik zəmiləri, eyni zamanda, heyvandarlıq, quşçuluq, balıqçılıq və digər sahələr üçün həm də yem bazasıdır. Bu da Lənkəran kimi aztorpaqlı rayonda ərzaq istehsalı prosesində mühüm məsələdir. Qarşıda duran başlıca hədəf istehsal edilən məhsulun keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılması, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, məhsuldarlığın artırılması və daxili bazarı təmin etməklə yanaşı, ixracın genişləndirilməsinə nail olmaqdır.