Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 22-də “Qarabağnamə” tamaşası ilə açacaq.
Astarainfo.az”Report”a istinadən məlumat verir ki, xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Səhnə əsərinin musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.