Azərbaycan qonaqpərvər ölkələr siyahısında 87-ci sırada qərarlaşıb

Azərbaycan qonaqpərvər ölkələr siyahısında 87-ci yerdə qərarlaşıb.

“Report” “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Passport İndex” portalının hazırladığı hesabatda xəbər verilir. Qeyd edək ki, hesabat hər bir ölkənin neçə ölkə vətəndaşını vizasız qəbul etməsi parametri əsasında hazırlanır.

Hesabatda ilk sıranı Afrikanın Komor adaları tutub. Bu ölkə dünyanın 198 ölkəsinin vətəndaşına vizasız ziyarət etməyə icazə verir. İlk sırada Komor adaları ilə bərabər 13 ölkə – Kot-Divuar, Qvineya-Bissau, Madaqaskar, Maldivlər, Mavritaniya, Mikroneziya, Mozambik, Samoa adaları, Seyşellər, Timor-Leste, Toqo, Tivalu, Uqanda da yer alıb.

İkinci sırada Kape-Verde və Dominik, üçüncü sırada Palau qərarlaşıb. Dördüncü yerdə Cibuti, beşdə isə Haiti yer alıb.

İran 184 ölkəyə vizasız səyahət imkanı yaradaraq 11-ci yerdə, Türkiyə 162 ölkə ilə 21-ci yerdə, Ermənistan 133 ölkə ilə 28-ci yerdə, Ukrayna 96 ölkə ilə 48-ci sırada, Gürcüstan 93 ölkə ilə 50-ci sırada, Belarus 90 ölkə ilə 52-ci sırada, ABŞ 43 ölkə ilə 81-ci yerdə, Rusiya 42 ölkə ilə 82-ci sırada, Azərbaycan isə 22 ölkə ilə 87-ci sırada yer alıb. Ən son – 103-cü sırada isə “qonaq sevməyən” Əfqanıstan, Şimali Koreya, Somali, Suriya və Türkmənistan yer alıb. Bu ölkələrə ancaq viza ilə getmək mümkündür.