Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin İşlər Nazirliyi ölkənin təməlini qoyan Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə ehtiram əlaməti olaraq Abu-Dabidə memorial tikintisi barədə planlarını açıqlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, memorialın təntənəli açılış mərasimi gələn il nəzərdə tutulub. Bundan əvvəl BƏƏ-nin indiki Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın fərmanı ilə 2018-ci il ölkənin mərhum prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyan İli elan edilib.
Artıq tikilməkdə olan memorial Əmirliklərin paytaxtının sahil ərazisində, “Abu Dhabi Corniche”nin yanında yerləşir. 3,3 hektar ərazini əhatə edəcək abidənin mərkəzi elementi yaşıl park meydanı olacaq. Nazirliyin məlumatına görə, memorial ilə bağlı başqa təfərrüat onun rəsmi açılışına qədər açıqlanmayacaq.
Gözlənildiyinə görə, mədəniyyət abidəsi milli birlik, humanizm və tolerantlıq ideyalarının rəmzi, həm ölkə sakinləri, həm də dünyanın hər yerindən axışan insanlar üçün görməli məkana çevriləcək sənət əsəri olacaq.