BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib.

“Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq”, – deyə o bildirib.

Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini qeyd edib.

“Mən Myanma hökumətini – mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır”, – deyə Quterreş bildirib.