İspaniya sahillərində 61 miqrant xilas edilib

İspaniya sahillərində 61 miqrant xilas edilib. İçərisində 47 miqrantın olduğu qayıq Aralıq dənizinin qərb hissəsində aşkar olunub.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, xilas edilən miqrantlar Tarifa limanına göndəriləcək. Tarifa yaxınlığındakı qayıqda isə daha 14 nəfər xilas edilib.

Qeyd edək ki, bu il Aralıq dənizi vasitəsilə İspaniyaya gələn miqrantların sayı kəskin şəkildə artıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvar-avqust aylarında dəniz yolu ilə ölkəyə 8385 miqrant gəlib, 121 nəfər yolda həlak olub. Ümumilikdə, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə gələn miqrantların sayı 121 min nəfəri ötüb, 2410 nəfər dənizdə boğulub.