Sentyabrın 5-də Bakıda işə başlayan MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları (AMNO) Rəhbərləri Şurasının XVII sessiyasında bu quruma rəhbərlik Azərbaycan Respublikasının Hesablama Palatasına keçib.
AZƏRTAC xəbər verir ki, AMNO Rəhbərlər Şurasının yeni sədri, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sessiyanın ilk plenar iclasından sonra tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri olub.
Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova ilə görüşdə ölkələrimizin sosial-iqtisadi sahələrdə münasibətlərinin dinamik surətdə inkişaf etdiyini bildirən V.Gülməmmədov ali maliyyə nəzarəti qurumlarının da sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.
Azərbaycanın və Rusiyanın hesablama palatalarının qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunan V.Gülməmmədov dövlət və icmal büdcələrinə rəylərin hazırlanması, büdcədənkənar fondlar üzrə nəzarət tədbirlərinin keçirilməsi, audit yoxlamaları zamanı informasiya texnologiyalarından istifadə olunmasının əhəmiyyətindən danışıb.
Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova MDB üzv dövlətləri ali maliyyə nəzarəti orqanları arasında ikitərəfli və çoxtərəfli formatda görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, təmasların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə sosial sektorda, xüsusilə səhiyyə və təhsil sahələrində keçirilən nəzarət (audit) tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə mütəmadi olaraq təlim və seminarların təşkili barədə razılıq əldə edilib.
Sonra MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının sədri Vüqar Gülməmmədovun Belarus Respublikası Dövlət Nəzarət Komitəsinin rəhbəri Leonid Anfimov, Qazaxıstan Respublikasının büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri Nurmuhambet Abdibekov, Moldova Respublikası Hesablama Palatasının sədri Vyaçeslav Untila ilə görüşləri olub. Görüşlərdə MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının əhəmiyyəti qeyd olunub, aparılan müzakirələrin və irəli sürülən təkliflərin gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.