Rövnəq Abdullayev: “Futbolçuları çox da tərifləməyək”

AFFA prezidenti Rövnəq AbdullayevAzərbaycan milli komandasının San Marinoya 5:1 hesabı ilə qalib gəldiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

– Yaxşı oynadılar. Meydanda yaxşı komanda var idi, yaxşı da hazırlaşmışdılar. Bu qələbə sayəsində komandamız Norveçlə oyundan sonra azarkeşləri sevindirdi.

– Milli komandanın 5 qol vurması sizin üçün gözlənilməz olmadı?

– Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3-dən az qol vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidir. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədir. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq.

– Qazonun durumu ilə bağlı nə deyə bilərsiniz?

– Deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədir. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək.

– Millinin çıxışı ürəyinizcə oldu, yoxsa daha yaxşı oyun gözləyirdiniz?

– Hamı istəyir ki, milli komanda irəli getsin. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə köməklik göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər.

– Buraxılan 1 qol ən böyük fərqli qalibiyyətə mane oldu. Buna üzülmədiniz?

– Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq.

– Milli komanda 10 xal toplamaqla rekorda imza atdı.

– Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydir. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Slovakiya ilə çox ağır oyun var. Çalışıb burda nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra da analiz edərik. Qarşıda 2020-ci il Avropa çempionatının seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdür. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandırlar. Bu, çox sevindirici haldır və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq.

– Sizcə, AVRO-2020-yə millətlər Liqasından, yoxsa seçmə mərhələdən vəsiqə qazanmaq əlverişli olar?

– Hələlik səbətlər müəyyənləşsin, görək necə olar.