“Şahdağ” Turizm Mərkəzində “Urban fest” adlı tədbir keçirilib. Keçən il təşkil olunan “Graffiti festival”ın davamı olaraq bu il də qrafiti rəssamları 4 metr hündürlüyündə olan beton lövhə üzərində rəngarəng spreylərlə maraqlı rəsmlər yaradıblar.
“Şahdağ” Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bununla artıq ikinci dəfədir urban, yəni müasir şəhər mədəniyyətinin bir qolu hesab olunan qrafiti təbiətdə, dağ mühitində təcəssüm olunub.
Bununla yanaşı, Gürcüstan və Rusiyadan da iştirakçıların qatıldığı tədbir boyunca dağ velosipedçiləri, skeytbordçular və rəqqaslar arasında yarışlar keçirilib, təşkilatçılar tərəfindən qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilib.
Xüsusi ayrılmış velo-cığırlarla yarışan dağ velosipedçiləri və hündürlüyə əsasən maneəni aşmaq üzrə yarışan skeytborçuların adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadıb. Müxtəlif rəqs janrları üzrə çıxış edən rəqqasların performansı isə tədbirin ən yaddaqalan və maraqlı anlarından olub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə olan “Şahdağ” Turizm Mərkəzində iyun-sentyabr aylarında davam edən yay mövsümü boyunca xüsusilə gənclərin zövqünü oxşayan fərqli əyləncəli tədbirlər təşkil olunub. Ənənəvi yay əyləncələri ilə yanaşı, bu il Azərbaycanda ilk dəfə olaraq adrenalin həvəskarlarının böyük marağına səbəb olan paraplan xidməti də Şahdağda istifadəyə verilib.