Ən yaxşı peşələr

Aparılan araşdırmalara görə, peşə seçimi xoşbəxt və uğurlu həyatın ən başlıca şərtlərindən biridir. İxtisas seçimi edərkən daha çox ətrafdan eşitdiyimiz və ya populyar olan sənətlərə üz tuturuq. Son 15 ilin ən populyar peşələri isə bunlardır: iqtisadçı, menecer, hüquqşünas, kompyuter proqramçısı, marketoloq və  PR meneceri. Bunların məşhur olmalarının səbəbi odur ki, bu ixtisas sahibləri özlərinin və ailələrinin maddi durumlarını təmin edə bilirlər. Ona görə də gənclər məhz həmin peşələrə yiyələnməyə üstünlük verirlər.

Peşə seçimi istiqamətində müxtəlif araşdırmalar aparılıb və psixoloqlar insanların əmək fəaliyyətinin beş əsas motivini müəyyən ediblər. 1.Maddi vəsait – əmək haqqı. 2.İşin stabilliyi – insan ona görə işləyir ki, bu iş onun gələcəyinə ümid verir, çünki stabil və etibarlıdır. 3.Həmkarlarla ünsiyyət – insan ona görə işləyir ki, onu maraqlı insanlar, mehriban kollektiv əhatə edir və bu ünsiyyət ona sevinc bəxş edir. 4.Peşənin nüfuzlu olması – hər bir insan seçdiyi peşənin cəmiyyətdə, onu tanıyanlar arasında nüfuzlu olmasını istəyir. 5.Peşəkarlıq – öz ixtisasını mükəmməl bilmək, yüksək peşəkarlıq insana əmək fəaliyyətindən həzz almağa stimul verir.

Bəs yaxşı, əgər peşə seçimi bu qədər önəmli və diqqət tələb edən faktordursa, o zaman uşaqlarda hansı yaşdan peşə meyillərini müəyyən etmək lazımdır? Psixologiya elmləri doktoru İrina Dubrovinanın Moskva məktəblərinin I və II sinif şagirdləri üzərində apardığı tədqiqat göstərdi ki, erkən yaşda uşağın riyazi və yaxud linqvistik qabiliyyətləri haqqında fikir söyləmək olar. Maraqlıdır ki, bu qabiliyyətlər ancaq mürəkkəb tapşırıqların həlli zamanı aşkara çıxır. Orta çətinliyə malik tapşırıqların həlli spesifik meyillərdən deyil, ümumi əqli inkişaf səviyyəsindən asılıdır. Mütəxəssislər məktəbdə şagirdlərin maraqlarını aşağıdakı sistemlə öyrənməyi məsləhət görürlər.

Qeyd edək ki, 240 minə yaxın peşə növü vardır. Bunların hamısını yadda saxlamaq mümkün deyil. Ona görə də sadəcə bildirək ki, peşələr 5 növə bölünür: insan – təbiət, insan – texnika, insan – insan, insan – işarələr sistemi, insan – bədii obraz.

Son araşdırmaların nəticələrinə görə isə məlum oldu ki, zərif cinsin nümayəndələri üçün ən münasib peşə də müəyyənləşdirildi. Belə ki, amerikalı mütəxəssislər qadınların işləməsi üçün ən sərfəli ixtisası tapıblar. “XXI əsrin ən yaxşı peşələri” kitabının müəllifi, professor, Lorens Şatkin bir sıra faktorları nəzərdən keçirərək həkimliyin qadınlar üçün ən yaxşı peşə olduğunu bildirib. Araşdırma zamanı qadınların işlərindən məmnunluğu, onların əmək haqqları kimi əsas faktorlar gözdən keçirilib. Bunların arasında göz və diş həkimliyi peşələri xüsusi yer tutur. Tədqiqata görə, həkimlik peşəsi ilə məşğul olan qadınların 60%-i öz peşələrindən və əmək haqqlarından razılıq edir. Qadınlar üçün sərfəli olan digər məşğuliyyət növləri arasında vəkillik, hakimlik, menecerlik kimi peşələr də var.

Rəssam peşəsinə yiyələnənlər arasında kişilər daha çox üstünlük təşkil edir . Hərbçilik isə elə bir sənətdir ki, artıq burada çox dərindən düşünməyə dəyməz. Çünki burada kişilər qadınları xeyli üstələyirlər. Daha sonra stilist, bank işçisi, baş aşpaz, hüquqşünas, menecer və s. ixtisaslar sıranı davam etdirir. “Careercast” vakansiya portalı növbəti dəfə ən yaxşı peşələrinin reytinq cəvdəlini tərtib edib. Qeyd edək ki, reytinq müxtəlif sahələri əhatə edən 200 peşənin arasında müəyyən olunub. Portalın nümayəndələri reytinqi tərtib edərkən peşə xüsusiyyətlərini, dövrün tələbatını və mənfəəti nəzərə alıblar. ABŞ-da ardıcıl iki il mühəndis-proqramçı vəzifəsi ilin ən yaxşı peşəsi seçılır. Ekspertlərin proqnozlarına əsasən, yaxın 8 ildə bu peşəyə olan tələbat 30 faiz artacaq. İnformasiya texnologiyaları sahəsinin daha bir peşəsi – kompyuter sistemləri üzrə analitik vəzifəsi reytinqdə 9-cu yeri tutub.

Olduqca sürətlə dəyişən dünyadakı vəziyyət təbii ki, ixtisaslara da təsir edir. Peşələr öz çərçivələrindən çıxır, yəni fərqli ixtisaslar yaranır. Lakin peşə seçmək üçün yalnız öz marağına güvənmək və bunu istiqamət götürmək yetərli deyil, həmçinin həmin peşəyə bugünkü əmək bazarında nə qədər tələbat olduğunu da nəzərə almaq lazımdır.