Astara rayonunda cənab Prezidentin aqrar sektorun inkişafı ilə əlaqədar tövsiyə və tapşırıqların icrasına həsr olunmuş işgüzar görüş keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar 05 sentyabr 2017-ci il tarixdə Astara rayonunda işgüzar görüş keçirilmişdir. Görüşdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, fermer təsərrüfatlarının başçıları, istehsal, emal müəssisələrində çalışan sahibkarlar iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin sentyabrın 2 və 3 tarixlərində ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində bir neçə mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etdiyini bildirmiş, sakinlərlə görüşü barədə məlumat vermişdir. Qeyd etmişdir ki, sentyabrın 3-də Lənkəran şəhərində keçirilən respublika müşavirəsində möhtərəm Prezident İlham Əliyev geniş nitq söyləyərək respublikada, o cümlədən cənub bölgəsində qeyri-neft sektorunun dinamik inkişafını təmin etmək məqsədilə aqrar sahənin canlandırılmasında sahibkarların, fermerlərin müstəsna rolunu xüsusilə diqqətə çatdırıb. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, respublikada qeyri-neft sektorunun inkişafı üçün böyük işlər görülmüşdür. Ancaq görüləsi işlər də çoxdur. Ona görə  də sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir.

Rayonumuz üçün əsas ənənəvi istehsal sahəsi olan sitrusçuluğun son illər inkişaf etdirilərək 2350 hektara çatdırıldığını, keçən il 44 min ton sitrus meyvələri tədarük olunduğunu, cari ildə isə daha çox məhsulun gözlənildiyini diqqətə çatdırmışdır. İcra hakimiyyətinin başçısı vurğulayıb ki, sitrusçuluğun səmərəliliyini artırmaq üçün rayona 10 mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən yapon sortu narıngi və limon tingləri gətirilərək əkilmişdir. Mövcud sitrus bağlarının tədricən yeni növ tinglərlə əvəzlənməsi gələcəkdə məhsuldarlığın artmasına böyük təkan verəcək.

Çayçılığın da rayonumuz üçün ən perspektivli sahələrdən biri olduğunu qeyd edən İcra başçısı  təəssüflə bildirmişdir ki, 1990-cı illərin əvvəllərində diqqətdən kənarda qalan çay sahələri tədricən sıradan çıxmışdır. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il çay plantasiyalarından 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur.

Son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan çəltikçilik, aqrar sahəyə olan dövlət dəstəyi və aparılan maarifləndirmə işləri nəticəsində son iki ildə 7 dəfədən çox artırılaraq 450 hektara çatdırılmışdır. Aqrotexniki qulluğun yaxşılaşdırılması, daha məhsuldar toxumun əkilməsi ilə bu il 2 min tona yaxın çəltik istehsalı gözlənilir. Artıq çəltik yığımı başa çatmaq üzrədir. Son məlumata görə, sahələrdən 1700 ton məhsul yığılmışdır. Azərbaycan bazarlarında yerini tutmuş, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan, ətirli Astara düyüsünə tələbat çox böyükdür.  İcra başçısı olduqca rentabelli olan çəltikçiliyin inkişafına diqqətin artırılmasının vacibliyini qeyd edərək, bu gəlirli sahənin ölkədə məhsul bolluğu yaranması, ailələrin maddi rifah halının yaxşılaşmasındakı rolundan danışmış, rayonun suvarma şəbəkələrini genişləndirməklə çəltik sahələrini gələcəkdə bir neçə dəfə artırmağın nəzərdə tutulduğunu bildirmişdir. Hazırda rayonumuzda 8 kiçik çəltik emalı sahəsinin fəaliyyət göstərdiyini qeyd edən İcra başçısı növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodunun inşasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

Bu il Astara rayonunda təkcə çay, çəltik və sitrus meyvələri satışından əhalinin 50 milyon manata yaxın gəlir əldə edəcəyini vurğulayan natiq bunun ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə  ilə yanaşı, sakinlərin maddi rifah halının yaxşılaşmasına səbəb olacağını bildirmişdir.

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, kənd təsərrüfatı idarəsinin rəisi, Etibar Abbasov çıxış edərək verilən təkliflərin və qaldırılan problemlərin həlli istiqamətində  görüləcək işlər barədə ətraflı məlumat vermişlər. “Astaraçay” MMC-nin mühəndisi Ağaşirin Ağayev, sahibkar Nadir Quliyev,  fermer Radiq  Mahmudov, Astara 2 nömrəli çay fabrikinin direktoru Nizami Rəsulov və başqaları çıxış edərək möhtərəm cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi qayğı və diqqətə görə minnətdarlıqlarını bildirmiş, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini diqqətə çatdırmışlar. Sahibkarlar rayonda boş qalmış əkin sahələrindən səmərəli istifadə olunması üçün pay torpaqlarının iri fermer təsərrüfatı şəklində birləşdirilməsi, suvarma işinin səmərəli təşkili, keyfiyyətli toxumların gətirilməsi, hazır məhsulun satışı üçün yeni bazarların müəyyən edilməsi və digər təkliflərlə çıxış etmişlər.

Rayon icra hakimiyyətinin başçısı yerli sahibkarlarla görüşün aqrar sektorun inkişaf etdirilməsi ilə əlaqədar möhtərəm cənab Prezidentin tövsiyə və tapşırıqların icrası məqsədlə keçirildiyini diqqətə çatdıraraq,  sahibkarların fəaliyyəti, onların işinə mane olan məsələlərin olub-olmaması, ümumilikdə iş adamlarını narahat edən problemlər və təkliflər barədə məlumatların verilməsini bildirmişdir. Qeyd etmişdir ki, yaradılan əlverişli şəraitdən yerli iş adamlarımız səmərəli istifadə etmək üçün bütün imkanlardan bacarıqla istifadə etməlidirlər. Astara aqrar rayondur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır. Əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün səylər birləşdirilməlidir.

Rayonumuz üçün ənənəvi kənd təsərrüfatı sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyi inkişaf etdirməklə əhalinin məşğulluğunu təmin etmək, ərzaq bolluğu yaratmaq qarşıda duran ən mühüm vəzifəmizdir. Ona görə də əkinə yararlı bütün torpaqların dövriyyəyə qaytarılmasına maksimum səy göstərməliyik.

Apardığımız müşahidələrə əsasən çayçılıq təsərrüfatlarını Səncərədi kəndində 220 ha, Pensır kəndində 200 ha, Ərçivan qəsəbəsində 120 ha, Kijəbə qəsəbəsində 60 ha, Kolatan, Balaca Şahağac kəndlərində 50 ha, Şahağacı kəndində 35 ha, Sərək kəndində 15 ha genişləndirməklə ümumilikdə 700 hektara çatdırmaq mümkündür. Sitrus bağlarını 4 min hektara, çəltik əkinini suvarma şəbəkələrini genişləndirmək mümkün olarsa 1500 hektara çatdırmaq hədəfimizdir. Hesab edirəm ki, işgüzarlığı artırmaqla, əhali ilə maarifləndirici tədbirləri gücləndirməklə birgə fəaliyyət nəticəsində məqsədimizə nail ola bilərik və bunun üçün maksimum səy göstərməliyik.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev fermer və  sahibkarlara görüşdə fəal iştirak edərək səmərəli təkliflər verdiklərinə görə minnətdarlığını bildirmiş, rayonda aqrar sahənin inkişafında onlara uğurlar arzulamış, qaldırılan məsələlərin icrası üçün müvafiq tədbirlər görüləcəyini, fermer təsərrüfatlarında işlərin gedişinə müntəzəm nəzarət ediləcəyini   və operativ şəkildə köməklik göstəriləcəyini sahibkarların diqqətinə çatdırmışdır. 

Astarainfo.az