Sentyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi keçiriləcək. Sərgi kosmetika sahəsinin mütəxəssisləri istehsalçıları və distribütorlarını bir araya gətirir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəklədiyi sərginin təşkilatçıları qismində Iteca Caspian və onun Böyük Britaniyalı tərəfdaşı olan “ITE Group” şirkətləri çıxış edirlər.
Bu il sərgidə Azərbaycan, ABŞ, İtaliya, Koreya, Rusiya, Türkiyə, Çex Respublikası və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. “Beauty Azerbaijan 2017” sərgisində peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar, dolğu (filler), mezopreparatlar və digər məhsullar nümayiş olunacaq.
Sərginin işgüzar proqramı çərçivəsində istehsalçı və distribütorlar arasında ikitərəfli görüşlər təşkil ediləcək.
“Beauty Azerbaijan 2017” sərgisi ilə paralel olaraq 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi də keçiriləcək.
Şirkətlər öz stendlərində ustad dərsləri təşkil edəcəklər. Bütün məlumatlar sərginin veb-saytında www.beauty.iteca.az yerləşdirilib.