“Facebook” sosial şəbəkəsinin proqramçıları yalnız istifadəçinin üz ifadəsini deyil, həm də həmsöhbətin mimikasına reaksiya vermək qabiliyyətinə malik “Learn2Smile” alqoritmini yaradıblar.

AZƏRTAC “naked-science.ru” saytına istinadla xəbər verir ki, layihənin əsasını təşkil edən süni intellekt “Skype” servisində 250 videokonfransı təhlil edib. Alqoritm danışıq zamanı hər bir sifətdə 68 standart nöqtənin yerləşməsini araşdırıb. Bu məlumatlar əsasında “Learn2Smile” alqoritmi əsas sifət ifadələri və qeyri-şifahi siqnalların kataloqunu tərtib edib.

Məlumdur ki, insanlar həmsöhbətinin söz və emosiyalarına reaksiya verərək bir neçə ümumi hərəkət icra edirlər. Alqoritmin yaradıcıları qeyd ediblər ki, hətta ağız və qaşların hərəkəti son dərəcə informativ ola bilər.

Proqramçıların sözlərinə görə, onların layihəsi avtomatik video köməkçilərlə ünsiyyəti daha da asanlaşdırmaq üçün nəzərdə tutulub. Gələcəkdə belə botlar daha da təkmilləşdiriləcək.