Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçiriləcək (FOTO)

Sentyabrın 9-da Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçiriləcək.

Astarainfo.az  Trend-ə istinadən  məlumat verir ki, tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.   

 

Şou və sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-a qədər aviamodel olacaq. Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlimlər də keçəcək.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaqdır.

Aviamodellərin şou-sərgisi saat 16:00-da başlayacaq. Tədbirdə iştirak sərbəstdir.