Payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar olur.
Astarainfo.az Trend-ə istinadən bildirir ki, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər bir mövsümdə həmin mövsüm üçün xarakterik olan xəstəliklər aktivləşir: “Payız və qış mövsümündə daha çox kəskin respirator infeksiyalar və qripdir. Qripə yoluxma halları az olur, amma kəksin respirator infeksiyalara yoluxmalar çox olur. Onların törədiciləri bakteriyalar, viruslar, ibtidailər də ola bilər”.
R.Əliyeva bildirib ki, kəskin respirator infeksiya və qripin müalicəsi antibiotiklərlə başlanılmalı deyil: “Antibakterial müalicə ehtiyac olduqda aparılmalıdır. Əgər xəstəlik ağırlaşmalar verərsə, xəstəyə virus əleyhinə dərmanlar verilir. Daha çox həyata keçirilməsi vacib olan profilaktik tədbirlər odur ki, mümkün qədər əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaq olmaq lazımdır. Aktiv həyat tərzi keçirmək, açıq havada olmaq lazımdır”.