“Kopenhagen”in məşqçisi “Qarabağ”a məğlubiyyətə görə işindən kənarlaşdırılıb

Danimarkanın “Kopenhagen” futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.

“Report”-klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.

Solbakken hazırkı vəziyyətdə ən düzgün qərarı verdiklərini bildirib. O, qərarın nəticələrlə yox, gündəlik məşqlərin məzmunu və Priskenin taktiki hazırlıqla bağlı qərarların qəbulunda öz üzərinə daha böyük məsuliyyət götürmək istəyi ilə əlaqədar qəbul olunduğunu açıqlayıb.

Lakin Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib. “Kopenhagen” “pley-off” mərhələsində iki oyunun yekununda (0:1, 2:1) “Qarabağ”a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, Mikael Antonsson həm də komandanın futbolçusudur. Brian Priske isə “Kopenhagen”də 2016-cı ildən çalışırdı.