Milli Məclisin deputatı: “Müsəlmanların işgəncəyə məruz qalmasının qarşısı alınmalıdır”

“Myanmada baş verənlər təəssüf doğurur. Klassik islam coğrafiyasından bir qədər uzaqda olan Myanmada baş verənlər Yaxın Şərqdə və müsəlman dünyasında baş verənlərin davamı kimi qiymətləndirilməlidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, dünyada dini ayrı seçkiliyin siyasi proseslərin əsas istiqamətlərindən bir kimi müəyyənləşdirilməsi bu vaxta qədər beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən humanitar dəyərlərə ziddir: “Myanmanın Arakan ştatında baş verən hadisələrə də bu konteksdən qiymət vermək lazımdır. Yaxın Şərqdə nə baş verirsə, Arakanda da o baş verir. Müsəlmanları zorla miqrasiyaya məruz qoymaq, onlara işgəncə vermək yolverilməzdir. Bu proseslər qəddarlıqla həyata keçirilir. Öz fəaliyyətini insan hüquqları, humanitar dəyərlər üzərində quran beynəlxalq və regional təşkilatlar bu hadisəyə biganə qalmamalıdır. Birləşmiş Millətlər Təşkilatlarının müvafiq strukturları, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr qətiyyətli addımlar atmalıdırlar ki, XXI əsrdə insanlığın eyibi hesab olunan bu cür hadisələr baş verməsin. Müasir dövrdə şüurlu insanların qətllər törətməsi heç bir halda təqdir oluna bilməz. Bu, heç bir din tərəfindən də qəbul olunmur. Müsəlman dünyasındakı baş verənləri hansı mərkəzlər idarə edirsə, şübhəsiz ki, Myanmada baş verənləri də onlar idarə edir. Təəssüflər olsun ki, bu mərkəzlər dünya siyasətini müəyyənləşdirən islamafob mərkəzlərdir. Bütün bunlar yolverilməzdir”.