Nazir: “Bütün dünya Mayanmarda baş verənlərə həssas yanaşmalıdır, təəssüf ki, bunu görmürük”

“Mayanmardakı hadisə ilə bağlı mövqeyinə görə Azərbaycana çox təşəkkür edirik. Orada insanlıq dramı yaşanır. Bütün dünya buna həssas yanaşmalıdır. Təəssüf ki, bunu görmürük”.  

Astarainfo.az APA-ya istinadən  məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, Bakıdan Banqladeşə gedəcəyini bildirib: “Biz beynəlxalq səviyyədə nə edə biləcəyimizi azərbaycanlı həmkarımla müzakirə etdik. Arakan məsələsinin ədalətli və etibarlı həllinə nail olmalıyıq”.

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.