Yaponiyanın Baş naziri Şinzo Abe Hindistanın müdafiə naziri Arun Ceytli ilə görüşü zamanı Şimali Koreyanın raket və nüvə sınaqlarının dayandırılması üçün Hindistan və beynəlxalq ictimaiyyətin digər nümayəndələri ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Baş nazir Hindistanın müdafiə naziri ilə sentyabrın 5-də Tokioda görüşüb.
Ş.Abe bildirib ki, Şimali Koreyanın bu yaxınlarda buraxdığı ballistik raket Yaponiya üzərindən uçub, bir qədər sonra isə bu ölkə nüvə sınağı keçirib. Baş nazir bu hərəkətləri düşüncəsiz, regionda sülhə və sabitliyə təhlükə adlandırıb, bunun yolverilməz olduğunu bildirib.
Ş.Abe deyib ki, bu hərəkətlərin qarşısının alınması beynəlxalq ictimaiyyətin həmin addımlara qarşı görəcəyi tədbirlərdən və əməkdaşlıqdan asılıdır.
A.Ceytli öz növbəsində bildirib ki, terrorizm və raket sınaqları Yaponiya kimi, Hindistanı da narahat edir və bu cür hərəkətlər regionda sülh üçün böyük təhlükədir.