Vergiödəyicisi VÖEN açandan sonra müvəqqəti fasilə veribsə və artıq fəaliyyətə başlamaq istədiyi halda nə etməlidir?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, vergiödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergiödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə bu barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergiödəyicisinin fəaliyyəti aktivləşir.
Gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (http://vn.taxes.gov.az/reqlament/7.23.pdf) vasitəsilə əldə etmək mümkündür.
Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergiödəyicisi uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergiödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergiödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş” göndərilir.