ABŞ, Kanada və Meksikanın Birləşmiş Təşkilat Komitəsi 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizəd şəhərlərin siyahısını açıqlayıb.

AZƏRTAC ESPN-ə istinadla xəbər verir ki, ilk dəfə 48 yığma komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün Birləşmiş Təşkilat Komitəsi 3 namizəd şəhəri – Kalqari, Qrin-Bey və San-Dieqonu siyahıdan çıxarıb. Beləliklə, Birləşmiş Təşkilat Komitəsinin ilkin sifariş ərizəsində 41 şəhər yer alır. Bunlardan 32-si ABŞ, 6-sı Kanada və 3-ü isə Meksika şəhəridir.

20-25 şəhərdən ibarət rəsmi sifariş ərizəsi gələn il martın 16-da FIFA-ya göndəriləcək. Dünya çempionatı zamanı oyunların 12 şəhərdə keçirilməsinə icazə verilir.

Qeyd edək ki, bir müddət əvvəl Mərakeş də dünya çempionatına ev sahibliyi etmək namizədliyini irəli sürəcəyini elan etmişdi.