Naxçıvanda 2 meqavatlıq yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikanın energetika sektorunda davamlı inkişaf təmin edilib. Bu tədbirlər içərisində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və bu sahədə müasir infrastrukturun yaradılması mühüm yer tutur. Hazırda muxtar respublikada günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 60 faizindən çoxunu təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq sentyabrın 8-də muxtar respublikada 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, 2016-cı il noyabrın 11-də İsveçrənin “Pure Energy Development” SARL Şirkəti ilə müqavilə bağlanılıb və Naxçıvan Günəş Elektrik Stansiyasının ikinci ərazisində 1,3 meqavat, beşinci ərazisində isə 0,7 meqavat gücündə 7 min 700 ədəd şüşə-şüşə tipli günəş panelləri quraşdırılıb. Tikinti işləri aparılarkən stansiya ərazisində müvafiq inventarlar, transformatorlar, kommutasiya aparatları, 2 transformator yarımstansiyası da quraşdırılıb və digər tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov enerji təminatının Naxçıvan Muxtar Respublikası üçün vacib sahələrdən biri olduğunu diqqətə çatdırıb, yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Enerji təhlükəsizliyinin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə o ölkələrdə mümkün olur ki, həmin ölkələrdə sabitlik və inkişaf olsun. Bu gün ölkəmizdə bu tədbirlər uğurla həyata keçirilir. Naxçıvanda Günəş Elektrik Stansiyası qurularkən ərazi və şirkət düzgün seçilmişdir. Belə ki, Günəş Elektrik Stansiyasının yerləşdiyi ərazi əkinəyararsız torpaq sahəsidir. Şirkət isə günəş elektrik stansiyalarının qurulmasında ən müasir texnologiyaya əsaslanan şüşə-şüşə tipli panellərdən istifadə edir ki, bu da əraziyə qənaət olunmasına və stansiyanın yüksək iş əmsalı ilə fəaliyyət göstərməsinə imkan verir.

Ali Məclisin Sədri deyib: 2015-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan Günəş Elektrik Stansiyası bugünə qədər uğurla fəaliyyət göstərmişdir. Stansiyada 2016-cı ildə 30 milyon kilovat/saata, 2017-ci ilin ötən dövründə isə 22 milyon kilovat/saata yaxın elektrik enerjisi istehsal olunmuşdur. Yeni stansiyanın istifadəyə verilməsi ilə Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində istehsal ediləcək elektrik enerjisinin həcmi artırılaraq 33 milyon kilovat/saata çatdırılmışdır. Bu da muxtar respublikada elektrik enerjisinə olan tələbatın 8 faizinin Günəş Elektrik Stansiyası hesabına ödənilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının sərvətidir. Eyni zamanda bu gün istifadəyə verilən 2 meqavatlıq Günəş Elektrik Stansiyası muxtar respublikanın həyatında əlamətdar hadisədir. Çünki harada enerji varsa, orada həyat var, iqtisadi inkişaf var. Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ucuz başa gəlir. Bu da muxtar respublikanın energetika sisteminə öz töhfəsini verəcək, Dövlət Energetika Xidmətinin gəlirləri artacaq, gələcəkdə yeni yarımstansiyalar qurulacaqdır. Ona görə də stansiya düzgün istismar olunmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri muxtar respublika əhalisini və energetikləri 2 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə bir daha təbrik edib.

Sonra Ali Məclisin Sədri idarəetmə otağında stansiyanı işə salıb.

Günəş Elektrik Stansiyası ilə tanışlıq zamanı bildirilib ki, stansiyada istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi və istehlakçılara itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Panellərlə transformator yarımstansiyaları arasında kabel xətləri çəkilib, stansiya ərazisi çəpərlənib və digər təhlükəsizlik tədbirləri görülüb.

Ali Məclisin Sədri “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkür edib, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin bundan sonra davam etdiriləcəyini bildirib, energetika sahəsində kadr hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verib.